"Başıma silah dayayıb desələr ki, Kamran ingilis dilində bilir, inanmaram" - Ruslan Əmircanov

Kamran Ağayevlə Ruslan Əmircanov tandemi futboldan çox, meyxana demələri ilə diqqət çəkir. Onlar bir-birinə sadiq dost olmaları ilə seçilir.  Hal hazırda Kamran "Boavişta"da, Ruslan isə hazırda AZAL-ın uğurları üçün çalışır.
 
Maraqlıdı, görəsən, dostların iştirakı ilə hansı maraqlı əhvalatlar olub? Əmircanov danışır:
 
"Kamran Ağayev Dubaydan şuba almışdı. Görən kimi ona dedim ki, bu qadın üçündür. Çünki düymələri sağ tərəfdə idi. Ona dedim ki, Azərbaycanda kişilər şuba geyinmir. Elə adam tanımıram. Bir gün onunla birlikdə toya getmişdik. Şubanı qarderoba verib nömrə götürdü. Getdik, zala girdik. Toydan da tez çıxıb başqa yerə getməliydik. Aşağı düşəndə gördüm ki, Kamranın şubasını kimsə geyinib gedir. Nömrə ilə şubanı götürmək istəyəndə gördük ki, yoxdur. İndi qaçır xalanın dalınca ki, "ay xala, ay xala, o şuba mənimdir”. Nəsə aldı şubanı, xaladan. Dubayda bunu aldadıb qadın şubasını 2 min dollara satmışdılar. Batdı o pul, pişik apardı (gülür)".

- Kamran Ağayev də deyib ki, ingilis dilini Ruslan Əmircanovdan öyrənirəm...
- Deyir də. O, ingilis dili bilir? Onun rəhmətlik anası məktəb direktoru idi, atası da bədən tərbiyəsi müəllimi. Özü isə nə rus dili bilir, nə ingilis. Başıma silah dayayıb desələr ki, Kamran ingilis dilində bilir, inanmaram. Mən onunla ingiliscə danışıram? Belə şey mümkün deyil. Portuqaliyada da ingilis dilində danışmırlar. Soruşur ki, portuqal dilini necə öyrənim? Deyirəm ki, bizim dilə yaxın bir dil bilən adam tap. Deyirəm ki, qız tap (gülür). Bəlkə, tələbə azərbaycanlılardan kimsə olar ki, ona kömək etsin. Belə kursa getsə, bir də görəcək ki, müqaviləsi bitir. Bizim futbolçuların müsahibə verərkən çətinlik çəkməsi təhsilsizlikdən deyil. Türkiyədə hər hansı futbolçunu danışdıranda hər şeyi lazımınca deyə bilir. Adam elə fikirləşir ki, hamısı müəllimdir. "İynəli” suallar verirlər və danışıq qabiliyyəti olduğu üçün lazımi cavab verir. Bizimkilər isə sözü söz dalınca deyə bilmir. Bəlkə də həyəcanlanır. Bu insanın özündən də asılıdır. Mənim üçün isə belə problem yoxdur.

- Son aylarda "İdman Azərbaycan”da yayımlanan "Favorit” verilişindəki çıxışların maraqla qarşılanır...
- O veriliş ilk dəfə efirə gedəndə heç bu qədər səs-küy yaratmamışdı. Üstündən xeyli vaxt keçib hamı fraqmentləri paylaşır. Sosial şəbəkələrdə o qədər rəy yazırlar. Yazırlar ki, "bu gicdir, bu dəlidir”, "kül bizim futbolumuzun başına”. Amma onlar cavab vermirəm. Burda pis bir şey yoxdur. Səmimi danışmışam. Guya ki, Messinin, Ronaldonun başına belə şeylər gəlmir? Sadəcə biz danışanda tənqid edirlər. Tənqid yazanlara demək istəyirəm ki, Azərbaycan futbolunu biabır eləmək üçün danışmamışam. Gülməli əhvalatdır da danışırıq.
 
- Bəlkə, bizə də bir əhvalat danışasan?
- Danışım da. "Ədliyyə” klubunda çıxış edərkən, Tovuza səfər etmişdik, "Turan”la qarşılaşırdıq. Matçın yan xətt hakiminin bığları həddən artıq çox idi. Ayaqqabı şotkasına oxşayırdı. Elə bil ki, sığırçın quşunu udub, quşun quyruğu çöldə qalıb. Biz də süni oyundan kənar vəziyyət yaradırıq. "Turan” hücuma keçir və oyundan kənar vəziyyət. Bir neçə dəfə bu hal təkrarlandı. Yan xətt hakimin bayrağı isə elə havada qalıb. Bir dəfə də bayrağın qaldırdı azarkeşlərdən biri qayıtdı ki, "ayə, bir də bayrağını qaldırsan, gəlib bığlarını qırxacam”. O hakim özü də, bakılıdır və azarkeşə Bakı ləhcəsi ilə "hərrri, qaqaş qırxarsan” deyə cavab verdi. Həmin epizoda çox güldüm. Komanda yoldaşlarım ötürmə verir, mən gülürəm.
 
- Meyxanaya marağın Kamran Ağayevlə tanış olandan sonra yaranıb?
- Bəli. Onunla U-17 milli komandada bir yerdə oynayanda meyxana kasetləri gətirirdi. Dəvəçilidir və meyxanaya marağı çox idi. Rəhmətlik Məşədi Babaya, Bayram Kürdəxanılıya qulaq asırdıq. Sonra soruşdum ki, bu meyxananı necə deyirsən? Mənə də öyrətdi. Qafiyələrdən, sözlərin dəyişməsindən danışdı. Bir müddət sonra özüm də dedim. İndi Kamran məndən öyrənir. İstənilən qafiyəni açır gəlir "vururam onu divara” gedir. Deyir ki, müəlliminin üzünə ağ olursan? Meyxanada tələbə, müəllim söhbəti yoxdur. Söz ehtiyatına baxır. İndi də Portuqaliyada vatsapla səs yazısı göndərir ki, təzə qafiya açmışıq. Vatsap üzərindən deyişirik. Deyirəm ki, əl çəkmədin də məndən. Portuqaliyaya da gedib məni "boğaza yığıb”. Səs yazısı göndərir bilirəm qafiyədir. Arada saat fərqi var və bizdə gecə 02:00,03:00 olur. Ona görə də baxmıram. Səhər durub açıram ki, yazıb qaqa, təzə qafiyə var deyək? Gecə baxsam, yuxum qaçır. Nə qafiyə? Camaat yatır.

- "Kim öyrədib belə futbol sənə?” qafiyəsini kim açmışdı? Məşhur deyişmənizdir...
- Məşqdə idik. Orda elə açıldı qafiyə. Dedik ki, gedək səs yazısı studiyalarının birinə. Meyxanaçılarla məsləhətləşdik və dedilər yaxşı olar. Onunla da "partlatdıq”. İndi də uşaqlar futbol barədə soruşmaqdansa, deyirlər ki, "kim öyrədib belə futbol sənə?”. Deyirəm ki, qoyun kənara meyxananı, mən futbolçuyam.
 
- Meyxana bədahətən deyilən sözlərdir. Futbol isə tapşırıqlar üzərində qurulub. Məşqlərdə tapşırıq almaq sıxmır səni?
- Yox. Futbolla meyxana fərqli sənətlərdir. Meyxanaçı futbol oynaya bilməz, amma futbolçu meyxana deyə bilər. Futbol başqa aləmdir. Onu bacarmaq üçün illərlə əziyyət çəkməlisən. Məşqçi meyxanaçıya tapşırıq versə ki, çıx bunu elə, mümkün deyil. Meyxananı da hər adam bacarmır. Toylarda kimsə dəvət eləsə, "canavar” şairlər orda olsa, gedib demərəm. Mən asan vəznlərdə meyxana deməyi bacarıram. Namiq Qaraçuxurlu ilə meyxana demişik radioda. Belə Pərviz Bülbülə, Rəşad Dağlı, Vüqar Biləcəri ilə meyxana dediyim vaxt olub. Amma bu o demək deyil ki, mən ustadam. Onun videosu var. Amma qoymuram ki, internetə yerləşdirsinlər.
 
"Qafqazinfo"