İngiltərə və İsveçrə komandaları indiyə qədər böyük turnirlərdə üç dəfə üz-üzə gəlib

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında bu gün qarşılaşacaq İngiltərə və İsveçrə böyük yarışların(Avropa və dünya çempionatlarının) final mərhələlərində indiyə qədər üç dəfə üz-üzə gəlib.

"Olimpsport" xəbər verir ki, komandaların final mərhələlərində ilk qarşılaşması 1954-cü ildə keçirilən dünya çempionatına təsadüf edib.

DÇ-1954-də 4-cü qrupda yer alan komandaların görüşündə İngiltərə yığması 2:0 hesablı qələbəyə sevinib. 1996-cı ildə keçirilən Avropa çempionatının final mərhələsində isə rəqiblər meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Komandaların final mərhələlərindəki son qarşılaşmaları AVRO-2004-də olub. Bu görüşdə İngiltərə yığması rəqibini məğlubiyyətə uğradıb - 3:0.

İngiltərə millisi İsveçrəyə qarşı keçirdiyi son 24 matçda cəmi 1 dəfə məğlub olub. İsveçrə yığması bu rəqibi üzərində sonuncu dəfə 1981-ci ilin mayında, dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda qələbə qazanıb - 2:1.

Günün nəticəsi səbirsizliklə gözlənilən digər görüşündə Türkiyə yığması Niderlandla üz-üzə gələcək. Bu, komandaların böyük yarışların final mərhələrindəki ilk görüşü olacaq. Tərəflər arasında baş tutan son iki görüşdə (Avropa çempionatının seçmə mərhələsi) 13 qol vurulub. 2021-ci ilin mart ayında Türkiyə (4:2), sentaybrında isə Niderland (6:1) qələbə qazanıb.

Qeyd edək ki, İngiltərə - İsveçrə qarşılşaması Bakı vaxtilə saat 20:00-da, Niderland - Türkiyə görüşü isə 23:00-da başlayacaq.