"Sarğını niyə Arazdan alım? " - Elxan Abdullayev

“3 xal bizə çox lazım idi. Komandamız bu gün yaxşı oyun göstərdi. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Topaz Premyer Liqasının VII turunda “Kəpəz”i qəbul edən “Neftçi” meydandan 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Matçdan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın çalışdırıcısı Abdullayev nəticəni belə şərh edib: “Kəpəz”in 10 nömrəli futbolçusu fərdi cəhətdən çox yaxşı oyunçudu. Axırıncı dəqiqələrdə qol vurmağımız məni daha çox sevindirdi. Bu qələbə bizə işıq yolu göstərdi. Amma “Neftçi”də hələ 3 faiz inkişaf var”.

 

- Oyunboyu “Neftçi” azarkeşləri komandadan narazılıqlarını bildirdilər. Bununla bağlı nə deyə bilərsiz?

- Azarkeşi də başa düşmək olar, onları qınamıram. Məncə, bu qələbədən sonra oturub düşünəcəklər ki, lazımdımı belə hərəkət?

 

- Daha çox etirazları Araz Abdullayevlə bağlıdı. Onu kapitan kimi görmək istəmirlər...

- Bir həftə bundan öncə azarkeşlərlə görüşüm oldu. Onlarla 1-2 saat danışdıq. Məni düz başa düşün. Azarkeşə böyük hörmətim var. Amma onların sözü ilə oturub-durmağım düzgün deyil. Sarğını niyə Arazdan alım? Mən Abdullayevin oyunundan razıyam. Onunla azarkeşlər arasında nə olduğunu bilmirəm. Kapitan millinin üzvü, lider olmalıdı. Cavid İmamverdiyev yaxşı futbolçudu, amma hələ tam hazır deyil.

 

- Qapı xəttində problem olduğu hiss edilir...

- Mən istəmirəm ki, kimisə tənqid edim. Biz vaxt ayırıb, futbolçulara danışırıq. Mən nəyə görə yeni qapıçı axtarmalıyam? “Transfer pəncərə”sinin açılmasını gözləməliyik. Bura kimisə qovmaq üçün gəlməmişəm. Sadəcə, istəyirəm ki, komandada rəqabət olsun. Hər mövqeyə futbolçu lazımdı. Lakin istəmirəm ki, mən də elə səhvlərə yol verim. Gətirəcəyim futbolçu gərək sizin də xoşunuza gəlsin, mənim də.

 

- Mahir Şükürov 2 həftədi komandada məşq edir. Onun komandada rolu nədən ibarətdi?

- O, sadəcə, komandada forma yığmaq üçün məşq edir. Gənc oyunçulara da kömək edir.

 

- Komandada ağsaqqal rolunu oynayır?

- Komandada ağsaqqal mənəm. Mahir Şükürov sabah formaya düşsə, böyük sevinclə onu komandaya götürərəm. Əgər gəlib desə ki, “Zirə”də, “Kəpəz”də oynamaq istəyirəm, ona heç nə deməyəcəyik. Yoxlama oyunlarında yoxlayacağıq. (Apasport)