Renat Dadaşov: “Almaniyada doğulduğum üçün bu ölkənin millisini seçmişəm”

“Belçika ilə oyunda qol vurduğum üçün çox şadam. Bu qol komandamız üçün mühüm əhəmiyyət kəsb edirdi. Artıq yarımfinaldayıq”.

Olimpsport.az saytına açıqlamasında bu sözləri Almaniyanın U-17 yığmasının hücumçusu Renat Dadaşov deyib.

Əslən Azərbaycandan olan gənc forvard Bakıda keçirilən Avropa çempionatında çıxış etməkdən məmnun olduğunu vurğulayıb: “Bakıda oynamaqdan məmnunam. Azərbaycan valideynlərimin vətənidir. Almaniya yığmasının heyətində forma geyirəm. Avropa çempionatının iştirakçısı olmaq gözəl hissdir. Eləcə də qardaşım Azərbaycan yığmasının üzvüdür”.

“Qardaşından fərqli olaraq, Azərbaycanın deyil, Almaniya millisini seçməyinə səbəb nədir” sualını Dadaşov belə cavablandırıb: “Qardaşım Azərbaycanda doğulub. Ona görə də o, Azərbaycanı seçib. Amma mən Almaniyada doğulmuşam, ona görə də bu ölkənin yığmasını seçmişəm”.