"Araz"dan inamlı qələbə

Bu gün futzal üzrə UEFA kubokunda əsas mərhələyə start verilib. Olimpsport.az xəbər verir ki, bir illik fasilədən sonra turnirdə təmsil olunan Azərbaycanın çempionu “Araz” ilk sınağına çıxıb.

 

Naxçıvan təmsilçisi oyunları Makedoniyada keçirilən II qrupun ilk turunda meydana çıxıb. Miltinyonun yetirmələri Skopyedə Gürcüstan çempionu Tbilisi Dövlət Universiteti ilə qarşılaşıb.

 

Təmsilçimiz bu matçda tələbələrə sözün əsl mənasında dərs keçib. Belə ki, Azərbaycan çempionu rəqibinə rəhm etməyərək düz 7 qol vurub. Gürcülərin gücü isə cəmi bir qola çatıb.

 

Everton Kardozo, Vasura və Bolinyanın dubl etdiyi oyunda bir dəfə də Xətai Bağırov fərqlənib.

 

Qeyd edək ki, qrupun digər oyununda Kosovonun ən yaxşısı “Feniks” və Makedoniya çempionu “Zalazareç” qarşılaşacaq.

 

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, II qrup

I tur, 11 oktyabr

 

“Araz” – TDU (Gürcüstan) - 7:1

Qollar: Everton Kardozo, 3:44, 11:15. Vasura, 29:29, 35:58, Bolinya, 37:35, 38:19, Xətai Bağırov, 38:28 - Sozaşvili, 23:41