"Heyətimiz məqsədə nail olmaq üçün yetərlidi" - Vassoura

Futzal üzrə UEFA kubokunun ilk oyununda Tbilisi Dövlət Universitetinin (Gürcüstan) komandasına 7:1 hesabı ilə qalib gələn “Araz” bu gün ikinci görüşündə Kosovo “Feniks”ini sınağa çəkəcək. Qarşılaşma öncəsi Azərbaycan çempionunun müdafiəçisi Vassoura apasport.az saytının suallarını cavablandırıb.

Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- TDU ilə oyun gözlədiyiniz kimi keçdi?

- Çox çətin başlanğıc oldu. Adətən, birinci oyunlar daha çətin keçir. “Araz” qrupun favoriti hesab edildiyindən, rəqiblərimiz bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparırlar. Təbii ki, startı necə verdinsə, elə də davam edəcəksən. Biz də burdan qrup lideri kimi ayrılmaq istəyirik. Ona görə də bütün matçlara ciddi hazırlaşır, şansları maksimum dərəcədə realizə edirik.

 

- Bu gün növbəti oyununuza çıxacaqsınız. Kosovo çempionu debütantdı. Asan qələbə qazanacağınızı gözləmək olarmı?

- Asan oyun, zəif rəqib yoxdu. Əgər bu düşüncə ilə meydana çıxsan, uğur qazana bilməyəcəksən. Bizdən tələb olunan rəqiblərə hörmətlə yanaşmaq və işini yüksək səviyyədə görməkdi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. Çətin olacaq. Kosovo təmsilçisinin də heyətində braziliyalı legionerlər var. Eyni zamanda Çexiya millisinin üzvü də bu komandanın formasını geyinir. Dünən oyunlarını izlədik, yaxşı heyətləri var.

 

- İdman kompleksinin zalı necədi?

- Yaxşı vəziyyətdə deyil. İlk oyunda çox əziyyət çəkdik. Ehtiyatlı oynamalısan. Əks təqdirdə zədələnə bilərsən. İkinci görüş meydana uyğunlaşma baxımından bir az asan ola bilər. Çünki bir oyun keçirmişik və vəziyyətin necə olduğunu bilirik.

 

- Bəlkə dünya çempionatındakı ağır oyunlardan sonra bu yarışa uyğunlaşmaq çətinlik yaradır?

- Niyə ki? Hər yarışın öz tələbləri, şərtləri var. Kolumbiyaya gedəndə bizi nələrin gözlədiyini bilirdik. Burda da hansı tapşırığı yerinə yetirməli olduğumuzu anlayırıq. Ordakı qarşılaşmaların daha gərgin keçməsinin Makedoniyada bizim üçün hansısa çətinlik yaratdığını deməzdim.

 

- “Araz” yenidən “Dördlər finalı”nda çıxış etmək istəyir. Hazırkı heyətlə bu realdımı?

- Qarşımıza belə məqsəd qoyulub. Niyə də yox? Heyətimiz məqsədə nail olmaq üçün yetərlidi. İndi diqqətimizi qrup oyunlarına yönəltmişik. Təbii ki, elit-raunda qrup lideri kimi yüksəlmək istəyirik. Bu, realdı. Çünki bizim yaxşı komandamız var.