Roman Qriqorçuk şikayətləndi: "Süni meydan böyük problemdi"

“Komandadan razı qalmadım. Çünki qələbə qazanmadıq”. Olimpsport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının VIII turunda “İnter”in qonağı olan “qırmızı-qaralar” meydanı 1:1 hesablı bərabərliklə tərk edib.

 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Fikrimcə, daha yaxşı oynaya bilərdik. Çünki mən komandamın bundan da yaxşı oyunlar keçirdiyini görmüşəm. Bu cür meydanda oynamaq çox çətindi. Süni meydan böyük problemdi. Düzdü, hər iki komandanın şərtləri eyni idi. Amma heç süni ot da yox idi. Nəticədə iki futbolçumuz zədələndi. “Sent-Etyen”lə oyun öncəsi ciddi problemdi”.

 

- Asif Məmmədov hücumçuları topla lazımi qədər topla təmin edə bilirdimi?

- Nəinki Asif, bizdə bütün futbolçular hücumçuları topla təmin etmək iqtidarında olmalıdı. Bundan başqa qapıya zərbə vurmalı, komanda yoldaşlarına ötürmə verməlidilər. Bunu keyfiyyətli şəkildə yerinə yetirməlidilər. Amma bu gün bunu edə bilmədik. Bunun da səbəbi meydanda otun olmaması idi. Çünki mini futbol üçün hazırlanmış bir meydanda oynayırdıq.

 

- Rəşad Sadiqov və Baqali Dabonun durumu nə yerdədi?

- Həkimdən soruşmamış deyə bilərəm ki, hər iki futbolçu 3 həftə oynamayacaqlar. 2 həftəli sıradan çıxsalar, bizim üçün xoşbəxtlik olar. Çünki arxa əzələri dartılıb.