"Bu günə qismət imiş" - Asif Məmmədov

Topaz Premyer Liqasının VIII turunda səfərdə “İnter”lə qarşılaşan “Qəbələ” oyundan 1:1 hesablı nəticə ilə ayrılıb. Bu görüş həm də qonaqların uzun müddət davam edən qol buraxmamaq seriyasının sonu olub. Matç başa çatdıqdan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirləriniz necədi?

- Gördüyünüz kimi çətin oyun oldu. Hesabda geri düşsək də, sonradan bərabərlik qolunu vura bildik. Biz Qəbələdə necə meydançada çıxış edirik, bilirsiz, burda meydanın vəziyyəti çox pis idi. Bir neçə oyunçumuz da zədələnib matçı davam etdirə bilmədi. Fikrimcə, əgər meydançanın vəziyyəti yaxşı olsaydı, nəticə tamam fərqli ola bilərdi.

 

- Özün də axsayırsan, nətərdi vəziyyətin?

- Məndə elə bir şey yoxdu. Yüngül zərbə dəydi.

 

- Mövsümün ilk qolunu VIII turda, “İnter”dən buraxdınız. Bu haqda nə deyə bilərsiz?

- Nə vaxtsa buraxmalı idik də. Bu günə qismət imiş.

 

- Nəyə görə sizin “İnter”lə oyunlarınız alınmır? Mövsümün ilk oyununda da heç-heçə etmişdiniz, bu dəfə də...

- Birinci matçda yaxşı oynamışdıq. Penalti şansımız da var idi, istifadə edə bilmədik. Bu gün də pis çıxış etmədik, xüsusilə də ikinci hissədə. Ancaq alınmadı, səfərdə 1 xal da pis deyil.

 

- Sanki “İnter” daha yaxşı oynayırdı axı...

- Mən elə deməzdim. Başa-baş oyun getdi, ədalətli nəticə elə 1:1 idi.

 

- Bu gün sanki bir az mərkəzdə oynayırdın. Funksiyaların fərqli idi. Necə düşünürsən, öz oyunun alındımı?

- Əvvəldən öz yerimdə, cinahda idim. Son 15-20 dəqiqə məşqçinin tapşırığı ilə mərkəzə keçdim. Necə alındığını kənardan görənlər daha yaxşı bilər.

 

- Nizami (“İnter”in oyunçusu Nizami Hacıyev – red.) deyir ki, bu gün onlar daha yaxşı oynadılar...

- O, Nizaminin öz fikridir. Hər iki komandanın qol imkanları oldu.

 

- İki oyunçunuz da sıradan çıxdı. “Sent-Etyen”lə oyunöncəsi itki oldu komanda üçün...

- Düşünürəm ki, bu cür meydançaların olması ziyandı. Bu, futbol adına çox təhlükəlidir. Özüm də bu meydanda çıxış etmişəm. 8 il çıxış etmişəm burda, demək olar ki, hər iki aydan bir zədələnirdim. Şükür ki, Qəbələdə belə bir şey yoxdu.

 

- Avroliqada qarşılaşacağınız “Sent-Etyen”lə bağlı nə düşünürsən?

- Artıq sabahdan etibarən bu oyun haqqında düşünəcəyik. Hələ ki, rəqibin heç bir oyununa baxmamışıq.

 

- Son vaxtlar formanda yüksəliş hiss olunur. Milliyə dəvət gözləyirdin?

- Əlbəttə ki, gözləyirdim. Hər bir futbolçu kimi mən də həmişə millidə çıxış etmək istəyirəm. Dəvət də gəlməyəndə, məyus oluram.(Apasport)