"Bizi doğrudan da çətin oyun gözləyir" - Qurban Qurbanov

“Vacib qələbə qazandıq. Asan oyun olmadı. Hər oyunda bizə qarşı fərqli üslublardan istifadə edirlər. Fikrimcə, maraqlı qarşılaşma idi. Əsas odu ki, azarkeşlərimizi seviindirə bildik. Futbolçular bir müddətdi bir yerdə deyildilər. Qarşıda bizi vacib oyun gözləyir. Buna baxmayaraq, tam olaraq bu oyuna köklənmişdik”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının VIII turunda öz meydanında “Sumqayıt”a qalib gələn ağdamlıların çalışdırıcısı oyundan sonra mətbuat konfransında öz fikirlərini bölüşüb: “PAOK-la görüşə 4 gün qalıb. Məşqlərdə diqqətli olmalı, bu komandaya qarşı ciddi hazırlaşmalıyıq. Bizi doğrudan da çətin oyun gözləyir. Samir Abasova uğurlar arzulayıram. O, daim öz üzərində işləyir, hər oyunda nə isə yenilik edir”.

 

- Rəşad Sadıqovun vəziyyəti nə yerdədi? Samir Abasov “Qarabağ”ın meydanda məşq etdiyini dedi...

- Oyunçular bir müddətdi bir yerdə deyildilər. Ona görə, bu oyun futbolçular üçün asan deyildi. Qollarımızı da son dəqiqələrdə vurduq. Rəşadın ayağında ağrılar var. Çox da ciddi deyil. Zədəsini yeniləməməsi üçün həkimlər diqqətli olmalıdılar.

 

- İlqar Qurbanovun oyunundan razı qaldız?

- Oyunun gedişində istədiyimiz kimi hücumlar qura bilmirdik. Oyun zamanı 5-3-2-dən istifadə edirdik. Onun oyunundan razı qaldım. Ancaq öz üzərində bir az daha çalışmalıdı.

 

- Elvin Yunuszadə bu gün heyətdə yox idi. Maksimi mərkəzdə oynatmağınız onun yoxluğuyla bağlı idi, yoxsa, millidə bu mövqedə özünü yaxşı tərəfdən göstərdiyinə görə?

- Elvinin qızdırması var. Digər tərəfdən onu əvəzedici heyətə göndərmişdim. Çünki intizamı pozmuşdu. Ancaq sağlam olsaydı da, bu gün oynamayacaqdı. Maksim ilk dəfə deyil ki, bu mövqedə oynayır. Onun bu mövqedə yığmada da oynaması, onu daha da inkişaf etdirir.

 

- Vüqar Nadirov əvəzedici heyətdə 2 qol vurub. Demək olar ki, artıq özünə gəlir?

- O, öz üzərində ciddi çalışır. Öz çalışqanlığını göstərir. İnşallah belə davam etsə, qarşıdakı oyunlarda ona şans verməyə hazırıq.(Apasport)