"Həmin anda hiss etdim ki, qol vura biləcəm" - İlqar Qurbanov

Premyer Liqanın VIII turunda “Sumqayıt”ı qəbul edən “Qarabağ” uğursuz oyunlara son qoyub. Olimpsport.az xəbər verir ki, matçdan sonra qollardan birinin müəllifi İlqar Qurbanov jurnalistlərə müsahibə verib.

 

- Qələbə qazandığınız oyun haqda nə deyə bilərsiniz?

- Vacib olan qələbə qazanmaq idi. Çünki ötən tur Qəbələdəki oyunda məğlub olduq və xal itirdik. “Qəbələ” bizi 6 xala qabaqlayırdı, fərqin artmasını istəmirdik. Meydana bu istəklə çıxmışdıq. Komanda şəklində yaxşı oynadıq. Birinci qolun vurulması bir qədər vaxt aldı, halbuki, şanslarımız var idi, düzgün istifadə edə bilmirdik. Qolu vurduqdan sonra bir qədər rahat oynadıq.

 

- Qolun gec vurulması gərginlik yaradırdımı?

- İstər-istəməz əsəbləşirdik. Çünki rəqib bizə qarşı qapalı oynadı. Müdafiəni yarmaq çətin olurdu. Nəticədə qolu da gec vurduq. Əsas odur ki, öz oyun üslubumuzdan çıxmadıq, imkan düşdükcə, qol vurmağa çalışırdıq. Gec olsa da, məqsədimizə çatdıq.

 

- “Qəbələ”nin “İnter”lə oyunda xal itirməsi oyununuza əlavə təsir göstərdimi?

- “Qəbələ” xal itirdi? Açığı, oyundan əvvəl bunu bilmirdim.

 

- Vurduğunuz qol baxımlı alındı. Həmin anı necə təsvir edə bilərsiniz? Özünüzə güvən hiss edirdinizmi?

- Hücuma qoşulmaq rahatdı mənim üçün. Həmin anda hiss etdim ki, qol vura biləcəm. Topa yaxşı toxundum və baxımlı qola imza tadım.

 

- PAOK-la oyunöncəsi komandanın bir qədər toparlandığını və özünə gəldiyini düşünmək olarmı?

- Hər qələbədən sonra əhval-ruhiyyə yaxşı olur. Bugünkü qələbə də istisna deyil. PAOK-la oyunda da belə mübarizə aparsaq, yaxşı nəticə qazanacağıq.

 

- Özünüzü ilk dəqiqəqlərdən meydanda olmağa hazır sayırsınızmı?

- Bu, baş məşqçinin qərarıdır. Şans verəcəyi təqdirdə, oynamağa hazıram. Birinci və ya ikinci hissədə oynamağımın fərqi yoxdu, yetər ki, baş məşqçim mənə güvənsin, etimad göstərsin.

 

- PAOK-u analiz etmisinizmi?

- Hələ ki yox. Çünki bu oyunu düşünürdük.