"Vacib olan məqam mənim qol vurmağım yox, komandamın qələbə qazanmasıdı" - Dino

“Sumqayıt”la oyunda böyükhesablı qələbəni təmin edən “Qarabağ”ın sonuncu qolunun müəllifi Dino Ndlovu matçdan sonra jurnalistlərə müsahibə verib. OLimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Böyük hesablı qələbəni necə şərh edərdiniz?

- Nə etmək lazım olduğunu bilirdik. 90 dəqiqə ərzində də bunu etdik. Ən önəmlisi, 3 xalı qazandıq.

 

- Uzun müddət qol vurmayan futbolçuya ayağı açılsın deyə 1 qol da kifayət edir. “Sumqayıt”la oyunda sponuncu qolun müəllifi oldunuz. Bundan sonra daha çox fərqlənəcəyinizi düşünmək olarmı?

- Buna qədər “Fiorentina” ilə oyunda da qol vurmuşdum. Amma o oyunla müqayisədə bu matçdakı qolum daha vacibdi. Həm də vacib olan məqam mənim qol vurmağım yox, komandamın qələbə qazanmasıdı.

 

- Oyundan sonra ayağınıza buz qoymusunuz. Sizi narahat edəcək hansısa zədəniz varmı?

- Xeyr, hansısa zədəm yoxdu və qarşıdakı oyunda meydana çıxacaq gücdəyəm.

 

- Neçə oyundu meydana çıxsanız da, qol vura bilmirdiniz. Buna görə hansısa gərginlik  yaşadınızmı?

- Məni komandaya qol vurmağa dəvət ediblər. Bir hücumçu kimi bu mənim işimdi. Hansısa oyunda yaxşı oynasam, ancaq qol vura bilməsəm, əlbəttə, bu, məni məyus edə bilər. Bu gün isə işimin öhdəsindən yaxşı gəldim.

 

- PAOK-la oyuna necə, hazırsınızmı?

- “Sumqayıt”la oyun indi başa çatdı. PAOK-la matç haqda isə sabahdan fikirləşəcəyik. Məşqlərimiz də bu oyun üçün olacaq.

 

- “Fiorentina” və “Qəbələ”yə yenilgidən sonra “Qarabağ”da çöküşün başlandığını deyirdilər. Siz bu haqda nə düşünürsüz?

- Belə düşünmürəm. Hər kəsin öz fikri var. Təbii ki, iki yenilgidən sonra kimlərsə belə düşünə bilər. Hamı öz fikrini ifadə edir. “Fiorentina” ilə oyunda qırmızı vərəqə aldıq və bu da yenilgidə sözünü dedi. “Qəbələ” ilə matçda isə şanssız qollar yedik. Bu cür yenilgilər baş verən zaman onun mənfi yox, müsbət tərəflərini də düşünmək lazımdı. Gözümüzü açırıq, yenilginin baş verməsinin səbəbini araşdırırıq, səhvlərimizi görür, növbəti oyunlara daha yaxşı hazırlaşırıq.(Apasport)