"Növbəti mərhələyə çıxmaq bizim üçün ən yaxşı sürpriz olardı" - Ansi Aqolli

“Komandamız son vaxtlar yaxşı vəziyyətdədi. Üstəlik, özünəinam hissimiz də yetərincədi”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli deyib.

 

Albaniyalı futbolçu Yunanıstan radiosuna açıqlama verib. O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-la keçirəcəkləri matçlardan danışıb.

 

Aqolli bildirib ki, “Qarabağ”ı çətin oyunlar gözləyir: “Çox güclü rəqiblə eyni qrupa düşmüşük. PAOK Yunanıstanın ən səviyyəli klublarındandı. Yaxşı komanda ilə qarşılaşacağıq. Deməli, bizi çətin oyun gözləyir. Rəqibi yetərincə tanıyıram. PAOK çox sürətlidi. Kombinasiyalı hücumlar qurmağı bacarırlar, irəli kompakt şəkildə atılırlar. Amma ən yaxşısı sözünü meydanda deməkdi”.

 

34 yaşlı futbolçu “Qarabağ”ın da yer aldığı J qrupunun favoriti qismində 2 komandanı görür: “Etiraf edirəm ki, qrupun favoritləri “Fiorentina” və PAOK-du. Amma futbolda sürprizlər tez-tez olur. Növbəti mərhələyə çıxmaq bizim üçün ən yaxşı sürpriz olardı. “Qarabağ”a hər oyun vacibdi. Həm Azərbaycan çempionatına, həm də Avropa Liqasına yüksək emosiya ilə yanaşırıq. Avroliqa oyunlarına bütün dünyada böyük maraq var. Biz də çalışacağıq ki, doğma meydanda azarkeşlərimizin dəstəyi sayəsində qələbə qazanaq. PAOK-la ardıcıl 2 oyun keçirəcəyik - əvvəlcə Bakıda, sonra səfərdə. Çox güman ki, bu görüşlər qrupda həlledici rol oynayacaq”.

 

Qeyd edək ki, “Qarabağ”ın PAOK-la ilk görüşü oktyabrın 20-də Bakıda, ikinci matçı isə noyabrın 3-də Salonikidə keçiriləcək.  (Apasport)