"Bunlar bizi qorxutmur" - Skarlatake

Bakı “İnter”inin rumıniyalı futbolçusu Adrian Skarlatake müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir:

 

- Zədə ilə əlaqədar son vaxtlar “İnter”ə kömək edə bilmirsiz. Nə vaxt sıraya dönəcəksiz?

- Artıq hazıram. Əslində, “Qəbələ” ilə oyuna da hazır idim. Sadəcə, baş məşqçi risk etmək istəmədiyini dedi. Hər şey qaydasındadı. Növbəti matçda meydana çıxa biləcəm. 

 

- “İnter” Topaz Premyer Liqasının IX turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşacaq. Gəncə səfərində hansı nəticəyə ümid edirsiz?

- “İnter”in iddialı komanda olduğunu hər kəs bilir. Odu ki, Gəncəyə 3 xal dalınca yollanacağıq. İstəyirik ki, “Kəpəz”lə səfər görüşündə qələbə qazanaq. Çox çətin olacaq. “Kəpəz”in meydanının durumu elə də yaxşı deyil. Bundan əlavə, rəqibin güclü azarkeş dəstəyi var. Lakin bunlar bizi qorxutmur. “İnter”in səfərdə “Kəpəz”i məğlub etməyə gücü çatar.

 

- Arxada qalan 8 turdan sonra 16 xal toplamısız. Bunu “İnter” üçün yaxşı nəticə saymaq olarmı?

- İndiki məqamda pis nəticə deyil. Amma “İnter” bundan da yaxşı oyun göstərə və nəticə verə bilər. Odu ki, çıxışımızı bir qədər də yaxşılaşdırmalıyıq. Həm fərdi olaraq, həm də komanda şəklində bundan artığını etməyə qadirik. Götürək “Zirə” ilə matçı. Həmin görüşdə qələbəyə çox yaxın idik. Lakin gözlənilmədən son saniyələrdə qapımızdan top buraxdıq və vacib 2 xal itirdik. “Qəbələ” ilə qarşılaşmada da qələbəni haqq edirdik.

 

- Yeri gəlmişkən, “Qəbələ” ilə matçda hesabdakı üstünlüyü qoruya bilsəydiniz, liderlə aradakı xal fərqini 2-yə endirəcəkdiz...

- Doğrudan da, yaxşı şans əldə etmişdik. Amma bizim belə şanslarımız “Qəbələ” ilə oyundan əvvəl də olmuşdu. Həmin görüşdə qələbəyə layiq idik. Lakin 1 xal da yaxşı nəticədi. Çünki rəqibimiz güclü komandadı.

 

- “İnter” “Qəbələ” və “Qarabağ”la çempionluq mübarizəsini sona qədər apara biləcəkmi?

- Niyə aparmır ki? Biz hər iki komanda ilə çempionluq mübarizəsi aparacaq gücdəyik. Sadəcə, bir problem var ki, klubumuza transfer qadağası qoyulub. Düşünürəm ki, qış fasiləsində 2-3 yeni futbolçu gətirməklə bir qədər də güclənə bilərdik. Amma son qərardan sonra bu, mümkün deyil. Bu da bizə müəyyən çətinlik yaradacaq. Çünki digər klublar güclənəcək, amma “İnter” yox.

 

- Necə düşünürsüz, “İnter”in ən güclü mövqeyi hansıdı?

- Hansısa mövqeyi fərqləndirmək istəməzdim. Məncə, bütün mövqelərin güclü balansı yaranıb. Həm qapıçımız, həm müdafiəçilərimiz, həm orta xətdə çıxış edən futbolçularımız, həm də hücumçularımız əllərindən gələni edirlər, komandaya xeyir verirlər.

 

- Son vaxtlar süni örtüklü meydançalardan şikayətlərin sayı artmaqdadı. Sizin ev oyunlarınızı keçirdiyiniz “İnter Arena”nın da ot örtüyü sünidi. Ötən tur “Qəbələ” ilə matçdan sonra rəqibin baş məşqçisi Roman Qriqorçuk da narazılığını bildirmişdi. Razısız ki, süni örtüklü meydanda oynamaq futbolçu üçün əzabdı?

- Bu, həqiqətdi. Süni örtük yaxşı şey deyil. Belə meydanlarda oynamaq həm çətindi, həm də süni örtük sağlamlığa ziyandı. Üstəlik, futbolçular bu cür meydanlarda çox asanlıqla zədələnirlər. Ümid edirəm ki, gələn il stadionumuz təbii örtüklü olacaq.

 

- 8 komandalı çempionatda oynamaq asandı, yoxsa çətin?

- Premyer Liqada 8 komandanın olmağı yaxşı hal deyil. Çünki komandaların sayı çox olanda daha güclü mübarizə gedir. Ümid edirəm ki, gələn mövsüm Azərbaycan çempionatının iştirakçılarının sayı artırılacaq.(Apasport)