Sadıqov meydana çıxsa...

Avropa Liqasında keçiriləcək “Qarabağ” – PAOK qarşılaşmasında Ağdam klubunun kapitanı Rəşad Sadıqov üçün əlamətdar ola bilər. Olimpsport.az xəbər verir ki, zədə üzündən sabah keçiriləcək qarşılaşmaya çıxıb-çıxmayacağı dəqiqləşməyən 34 yaşlı müdafiəçi görüşdə iştirak etsə, avrokuboklarda 80-ci matçını keçirəcək.

 

Azərbaycanlı futbolçular arasında mütləq rekordçu olan müdafiəçi ölkəmizi təmsil edən komandaların da heyətində 75-ci oyununa çıxacaq.  Hesabında ümumilikdə 79 avrokubok matçı olan müdafiəçi 7 qol sevinci yaşayıb.

 

Qitə miqyaslı turnirlərdə 2001-ci il avqustun 9-da debüt edən Sadıqov həmin gün “Neftçi”nin Sloveniya “Qoritsa”sı ilə matçında forma geyib. 19 yaşlı futbolçunun UEFA kubokundakı debütü qolsuz heç-heçə ilə nəticələnmişdi.

 

Sadıqov qitə miqyaslı üç müxtəlif turnirdə iştirak edib. Çempionlar Liqasında 18, Avropa Liqasında 51, İntertoto kubokunda 10 dəfə iştirak edib. Onun vurduğu qollardan 6-sı Avropa Liqası, 1-i İntertoto kubokuna təsadüf edib.

 

Müdafiəçimiz 80-ə 3 klubda oynamaqla yaxınlaşıb. O, “Neftçi”, “Qarabağ” və “Kayserispor”da avrokubok həyəcanı yaşayıb. Sonuncuların heyətində 5 dəfə meydana çıxan futbolçu digər 74 qarşılaşmanı Azərbaycan klublarında keçirib. Bunların 56-sı “Qarabağ”, 18-i “Neftçi”də baş tutub. O, iki qolunu paytaxt təmsilçisində, beşini isə Ağdam klubunda vurub.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – PAOK matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.(Apasport)