"O mənə əl qaldırsaydı..." - Rəhman Hacıyev

Topaz Premyer Liqasının IX turunun son matçında “Qarabağ”la qarşılaşan “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- “Neftçi” yenə uduzdu...

- Əvvəlki oyunlarla müqayisədə bu dəfə uşaqlar mübarizə apardılar, sona qədər əllərindən gələni etməyə çalışdılar. Yenə uduzduq, amma oyun planında yaxşı çıxış etdik. Ardıcıl neçə oyundur məğlub oluruq. Təbii ki, bizə pis təsir edir. Artıq bu atmosferdən çıxmaq lazımdı. Özümüz bunu etməliyik.

 

- Bunu rellaşdırmağa nə mane olur? Gücünüz çatmır, yoxsa başqa təsir edən nüanslar var?

- Taktiki baxımdan deyərdim. Rəqibin birinci qolu uzaqdan zərbədən sonra reallaşdı. Hansısa taktiki gedişin yekunu deyildi. İkinci qolda isə avtoqol qeydə alındı.

 

- Sanki meydandakı yerinizi itirmisiniz...

- Bu, normaldı. Hesabda geri düşmüşdük. Hamımız irəli çıxdıq, “Qarabağ” isə əks-hücumda bizi yaxaladı, nəticədə fərqi artırdı.

 

- Meydana azarkeş daxil olan zaman siz daha yaxın yerdə idiniz. Nə baş verdi orda?

- Xoşagəlməz hadisə baş verdi. Meydanda yerimi dəyişirdim, gördüm ki, azarkeş üzərimə gəlir. Həmin anda Tira araya girdi. İstəməzdik bu hadisə baş versin. Hadisəni görən zaman da aralı dayandım. Çünki ora getsəydim və o mənə əl qaldırsaydı, xoşagəlməz hadisə baş verəcəkdi. Ona görə kənara çəkildik. Tira ilə söhbət elədik. O da ehtiyat elədi ki, birdən azarkeşin əlində nəsə olar və onu vurar.

 

- Amma ara sakinləşəndə də Tira azarkeşi vuirmağa davam etdi...

- Bunu bilmirəm. Özündən xəbər alsanız yaxşıdı.

 

- Hər oyunda azarkeşlərin komandanın ünvanına təhqiramiz sözlər deməsi, rəhbərliyi istefaya səsləndirməsi sizi yormurmu?

- Bizə də pis təsir edir. “Neftçi”nin adını biz daşıyırıq. Yaxşı vəziyyət deyil.