"Yəqin qollarım da gələcək" - Dino

“Neftçi” üzərində inamlı qələbə qazanan “Qarabağ”ın hücumçusu Dino Ndlovu oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- “Neftçi” üzərində qələbəni necə şərh edirsiniz?

- Səfərdə oynadığımızdan, qələbə bizim üçün çox vacib idi. Rəqib meydanlarında keçirdiyimiz ən çətin oyundu. Önəmli olan 3 xal qazanmaq, xal ehtiyatımızı artırmaq idi, bunu da bacardıq.

 

- Lider və çempionluq yolundakı əsas rəqibiniz “Qəbələ” sizdən əvvəl heç-heçə etməklə vacib 2 xal itirdi. Bu matça köklənməyinizə əlavə stimul oldumu?

- Onlar xal itirdi? Hesab neçə oldu?

 

- 2:2...

- (təəccüblənir) Açığı, oyunun nəticəsi barədə məlumatım yox idi. Çünki baş məşqçimiz bizi ancaq oyuna kökləyir. Öz oyunumuz daha vacibdi. Ona görə də başqa informasiya ala bilmirik.

 

- Son oyunlarda əsas heyətdə yer alırsınız. 90 dəqiqə oynamağa artıq hazırsınız?

- Fürsət qazanan zaman özümü oyuna maksimum hazırlayır və bacardığım qədər komandama kömək edirəm. Çalışıram ən yüksək şəkildə özümü göstərim. Digər yandan, ehtiyadan oyuna qoşuldum, ya ilk dəqiqələrdən meydanda oldum, fərqi yoxdu.

 

- Oyununuz istədiyiniz səviyyədədi?

- Çıxışımla bağlı əsas təəssüfləndirəcək məqam qol vura bilməməyimdi. Amma digər statistik göstəricilər gəldikdə - qaçmağım, asistlərim yaxşıdı. Artıq komandaya da uyğunlaşmışam. Yəqin qollarım da gələcək.

 

- Fərqlənə bilməməyinizə mane olan xüsusi səbəb var?

- Xüsusi bir səbəb yoxdu. Bu, futboldu. Hamımız klubun uğur qazanması üçün çalışırıq. Əgər qələbə qazanırıqsa, hamımız sevinirik. Komandam uduzsa və mən qol vura bilməsəm, onda üzülərəm.