Əliyar Ağayev “Qəbələ”nin oyununu idarə etmək istəməyib

"Əliyar Ağayevin komandamızın oyununa təyinat almasını normal qarşıladıq. Hətta bu hakimin indiyədək "Qəbələ”nin matçlarında olmamasına təəccübləndik”.
 
Olimpsport.az xəbər verir ki, bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı deyib.
 
"Qırmızı-qaralar”ın Azərbaycan Premyer Liqasının X turunda "Neftçi” ilə sabahkı ev oyunununda baş hakim FİFA referisi Əliyar Ağayev olacaq. Həmin Ağayev ki, ötən mövsüm "Qəbələ”nin məhz "Neftçi” ilə kubok qarşılaşmasında kobud səhvə yol verib. "Bakcell Arena”da keçirilən ilk yarımfinal matçında həmin vaxt "qırmızı-qaralar”ın şərəfini qoruyan ukraynalı yarımmüdafiəçi Aleksey Qaya qarşı cərimə meydanında qapıçı Aqil Məmmədov tərəfindən aşkar kobudluq olsa da, baş hakim penalti əvəzinə legionerə simulyasiyaya görə sarı vərəqə göstərib.
 
Səfiyarlının sözlərinə görə, Ağayevin uzun müddət "Qəbələ”nin oyunlarına təyinat almamasının səbəbini Peşəkar Futbol Liqasından (PFL) maraqlanıblar. Cavab isə belə olub ki, referinin özü bir müddət "qırmızı-qaralar”ın iştirakı ilə keçirilən qarşılaşmaları idarə etmək istəməyib. Yəni, bir növ özünü psixoloji cəhətdən hazır saymayıb. "Qəbələ" rəsmisi oyunlarına hansı baş hakimin təyinat almasının önəm kəsb etmədiyini əlavə edib: "Əliyar olmayacaqdı, Rəhim Həsənovu təyin edəcəkdilər. O da son turda "Sumqayt”la matçda əleyhimizə qərarlar verdi. Orxan Məmmədov isə vaxtilə komandamızın oyununda səhvi ilə yadda qalıb. Yəni 3 FİFA referimizdən biri "Qəbələ”nin görüşünə təyin olunmalı idi. Əliyarı münasib biliblər, onu təyin ediblər”.