"Qəbələ" Bakı Metropoliteninə müraciət edib.

"Qəbələ" Bakı Metropoliteninə müraciət edib. Olimpsport.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov bu barədə "Report"a məlumat verib. Onun sözlərinə görə məktubda Bakı Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent-Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.

 

Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə - gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.

 

Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".