Qurban Qurbanovun 150-ci qələbəsi

“Qarabağ” Azərbaycan çempionatlarında Qurban Qurbanovun rəhbərliyi altında 150-ci qələbəsini qazanıb. Olimpsport.az xəbər verir ki, bu yubiley Topaz Premyer Liqasının X turunun AZAL-la səfər matçına təsadüf edib.

 

1:0 hesablı qələbə Ağdam təmsilçisinin Qurbanovun baş məşqçiliyi altında keçirdiyi 268-ci matçda 150-ci qələbə kimi tarixə düşüb. Maraqlıdı ki, bu matçdakı istənilən nəticə əlamətdar olacqqdı. Çünki bu mütəxəssislə 69 heç-heçə edib, 49 dəfə uduzan komanda 70-ci bərabərlik və 50-ci yenilginin də astanasındadı.

 

Qurbanovun çalışdırıcılığı dövründə əyalət klubu rəqib qapılarına 391 qol vurub və 196-nı buraxıb. “Qarabağ” ölkə çempionatında aktivinə ümumilikdə 519 xalı 44 yaşlı baş məşqçisi ilə yazıb.

 

Qeyd edək ki, Qurbanov 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidi. Onun çempionatdakı ilk qələbəsi həmin il avqustun 9-da “Bakılı” ilə səfər matçında qeydə alınıb – 2:1.(Apasport)