Rəqibin baş məşqçisi mətbuat konfransını yarımçıq tərk etdi

“Çox vacib oyun idi. Növbəti mərhələ üçün bizə şans yarandı. Artıq “Maynts”la növbəti görüş barədə düşünməliyik. Uğurlu çıxışı həmin oyunda da davam etdirmək istəyirik”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

  

- Oyunla bağlı fikriniz nədi?

- Çox maraqlı oyun keçdi. İlk hissədə top tamamilə bizdə idi. Lakin ikinci hissədə topu rəqib komandaya verdik. Fasilədən sonra tam gücümüzlə oynamırdı. Rəqibimiz də zəif deyildi. Əsas odu ki, qələbə qazana bildik.

 

- Bakıya “Qarabağ”la oyun üçün də gəlmişdiniz. Həmin “Qarabağ”la “Qəbələ”ni necə müqayisə edə bilərsiniz?

 -“Qarabağ”la matçda təcrübəmiz bu günkü qədər deyildi. Lakin iki il sonra keçirilən “Qəbələ” ilə matça ciddi hazırlaşmışdıq. Çətin oyun oldu.

Daha sonra “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye mətbuat konfransını yarımçıq tərk edib. Buna səbəb operatorların vaxtından tez kameralarını yığması olub. Belə ki, Qaltye sualı cavablandırarkən, azərbaycanlı operatorlar konfransın bitməsini gözləməyiblər. Bu isə fransız çalışdırıcını xeyli qəzəbləndirib. Etirazını çılğın şəkildə, qışqıraraq bildirən Qaltye “Dayanın, konfrans bitməyib. Bu nə bazardı?” deyərək, zalı tərk edib.

Qeyd edək ki, “Qəbələ” – “Sent-Etyen” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.