"Çox üzgünəm, nə deyəcəyimi bilmirəm"- Zenyov

İki həftə əvvəl səfərdə “Sent-Etyen”ə məğlub olan “Qəbələ” Bakıdakı oyunda da rəqibi ilə bacara bilmədi. Oyundan sonra təmsilçimizin hücumçusu Sergey Zenyov jurnalistlərin suallarını cavablandırıb.

 

- Birinci hissədə ilk 10 dəqiqəni çıxsaq yaxşı oynadınız. Bəs fasilədən sonra nə baş verdi? Bəlkə qapıçının kobud səhvi sizi ruhdan saldı?

- Deməzdim, dayandıq. Qapıçımız səhvə yol versə də, fasiləyə heç-heçə ilə yollandıq. İkinci hissəyə də yaxşı başladıq. Qolu isə səhvimizdən buraxdıq. Bu gün kobud səhvlərimiz üzündən məğlub olduq.

 

- “Maynts”la oyunda da hesabda öndə idiniz, amma məğlubiyyətdən qaça bilmədiniz...

- Onda iki top fərqi ilə öndə deyildik.

 

- Söhbət hesabda öndə olmağınızdan və bu üstünlüyünüzü qoruya bilməməyinizdən gedir...

- Hardasa bənzərlik var. Amma səbəbini deyə bilməyəcəm. Çox üzgünəm, nə deyəcəyimi bilmirəm. Təəssüf ki, bu cür oyunda məğlub olduq. Axı biz daha yaxşı çıxış etdik.

 

- Roman Qriqorçukun texniki zonadan qovulması necə, oyununuza təsir etdimi?

- Bunu dəqiq deyə bilməyəcəm. Çünki oyun zamanı baş məşqçinin texniki zonada dediklərini elə də yaxşı eşitmirdik. O, məsləhətlərini verir, amma qovulması oyunu tam dəyişməsini demək olmaz.

 

- Hakim idarəçiliyi haqda nə deyə bilərsiniz?

- Onun bəzi qərarlarından baş açmadıq. Çox anlaşılmazlıq oldu. Sanki qərar verərkən inamsız olurdu. Elə təəssürat yaratdı ki, sanki ilk dəfə beynəlxalq oyun idarə edir.

 

- Sizinlə bağlı epizodda rəqib futbolçunu qovmalı idi?

- Qovmalı idi. Çünki qapıçı ilə təkbətək çıxırdım. Ancaq rəqib köynəyimdən tutub saxladı. Referi isə sarı vərəqə ilə kifayətləndi. Epizodu izləsək görərik ki, sonuncu ümid foulu və qırmızı vərəqə idi onun cəzası.

 

- Bu qərarda Poqbanın qardaşının nüfuzunun təsiri ola bilərmi?

- Futbolçunun yox, “Sent-Etyen”in nüfuzu təsirsiz ötüşmədi. Referi risk etmək istəmədi. Qırmızı vərəqə göstərsəydi, bizim üçün yaxşı olardı. Bəlkə də oyunun axarı dəyişərdi. Uğur qazana bilərdik. Artıq Avropa Liqası bizim üçün başa çatdı. Üçüncü dəfə uğur qazanacağımıza inanıram.