“Qarabağ” 441 gün sonra

“Qarabağ” səfər sindromunu qırıb. Olimpsport.az saytının məlumatına görə, avrokuboklardakı son 7 səfər matçında qələbəyə həsrət qalan Ağdam təmsilçisi uğursuz seriyanı Avropa Liqasının qrup mərhələsinin IV turunda dayandırıb.

 

Yunanıstanda yerli PAOK-la qarşılaşan Qurban Qurbanovun yetirmələri bununla da 441 günlük həsrəti bitirib. Belə ki, çempionumuzun son səfər qələbəsi 2015-ci il avqustun 20-nə təsadüf edib. Həmin gün İsveçrədə “Yanq Boyz”un qonağı olan “Qarabağ” 1:0 hesabı ilə qələbə əldə etmişdi.

 

Bundan sonra avrokuboklarda keçirdiyi 7 oyunda 5 dəfə uduzan təmsilçimiz 2 heç-heçəylə təsəlli tapmışdı. Əyalət klubunun hər iki bərabərliyə Çempionlar Liqasına təsadüf etdiyindən Avropa Liqasında ardıcıl 5 dəfə yenilmişdi.(Apasport)