"100 yox 200 faiz diqqətli olmalıyıq" - Mikel

“Bilirik ki, hər iki komanda üçün çətin oyun olacaq”. Olimpsport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Migel Madera deyib.

 

İspaniyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində sabah “Slovan”la keçiriləcək oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

O deyib ki, onları çox vacib görüş gözləyir: “İstəyirik sabah qələbə qazanaraq, növbəti mərhələ yolunda son addımı ataq. Amma bizi çox ağır oyun gözləyir. Bakıdakı matçda istədiyimiz nəticəni əldə edə bilməmişdik. Bizim üçün məyusedici oyun olmuşdu. 90 dəqiqə ərzində diqqətimizi qarşılaşmaya yönəltmək lazımdı. Ümid edirəm ki, istədiyimizi meydanda edə biləcəyik. Bizə qarşı olduqca dinamik oyun göstərəcəklərini bilirik. 100 yox, 200 faiz diqqətli olmalıyıq ki, sabahkı matçda sərfəli nəticə əldə edək”.

 

Təcrübəli yarımmüdafiəçi “U Nisi” stadionunun ot örtüyünün durumu barədə də fikir bildirib: “Azərbaycanla Çexiya arasındakı iqlim fərqini nəzərə alsaq, çox müsbət fikirdəyəm. Amma ot örtüyünün durumu ilə məşqə çıxdıqdan sonra daha yaxından tanış olacağıq”.(Apasport)