Bu gün Çexiyada, sabah səngərdə

Bir vaxtlar Qurban Qurbanov "Qarabağ"ın başina gətiriləndə heç kim düşünməzdi ki, nə vaxtsa bu klub dünyanın top klubları ilə başabaş mübarizə aparacaq. Heç kim ağlına belə gətirməzdi ki, bu klub cavan, qoca, böyük, kiçik, 30000 insanı Tofiq Bəhramov stadionunda birləşdirəcək. Güclü həmişə bir addım öndədir. "Qarabağ" da güclü baş məşqçisi, kollektiv futbol sərgiləyən futbolçuları və azarkeşləri ilə dünyanın hər yerinə səs saldı. Bu gün "Qarabağ" Qafqazın ən güclü müdafiəsinə məxsus klublarından biridir. Artıq Premyer liqanın ortalarında gedən "Qarabağ" yoxdur. Hər il çempionluğa oynayan "Qarabağ" var. Bu gün Belçikanın "Anderlext"ini, Ukraynanın "Dnepr"ini diz çökdürən "Qarabağ" var. Yunanıstan "PAOK"unu həm evdə, həm səfərdə məğlub etməyi bacaran "Qarabağ" var. Artıq bir vaxtlar Azərbaycan üçün mümkünsüzü mümkün etməyi bacaran "Qarabağ" var. Və ən əsası, heç kimdən asılı olmayan, həmişə öz oyununu oynayan, erməni işğalında olan Qarabağın əslində kimin torpağı olduğunu bütün dünyaya xatırladan "Qarabağ" var. Təmkinli, nəticədən asılı olmayaraq futbolçularını müdafiə edən baş məşqçisi ilə. Bu şəhid olmuş baş məşqçinin bizə miras qoyduğu "Qarabağ"dır. Top, tüfəng səsi altında oynayan həmin o "Qarabağ" müharibə illərində futbol oynamaqdan qorxmayan, çəkinməyən "Qarabağ"dır. İndiki uğurlar da, o zəhmətin nəticəsidir. Məğlub olanda əsəbini, qalib gələndə sevincini büruzə verməyən Qurban Qurbanovla birlikdə. "Qarabağ" bu məşqçi ilə Azərbaycan futbolunda çox ilklərə imza atdı. İlk dəfə 3 il ardıcıl Avropa Liqası qruplarına vəsiqə qazandı, Avropa Liqasının qrupunda həm evdə, həm səfərdə qələbə qazandı. İçimizdəki birlik ruhunu oyatdı. Avropa Liqasında stadiona ən çox azarkeş toplayan 5 klubu sırasında adımız çəkildi... Siyahını yenə uzatmaq olar və hələ çox uzadacağıq qarşıdakı illərdə...

Bu gün daha bir ilk yazıla bilər futbolumuzun tarixinə... Bu gün Çexiyada tarix yazmalıyıq. Qrup mərhələsinə vəsiqə qazandığımız ilk ildə yaxın olduğumuz, yazmalı olduğumuz tariximizin qarşısını alan hakimin doğma vətənində və bəlkə də gözü qarsısında yazacağıq bu tarixi. Bu gün bütün klublarımızın azarkeşləri "Qarabağ"lı olmalıdır. 90 dəqiqə hər birimiz "Qarabağ" azarkeşi olaq. Çempionatdakı rəqabəti bir kənara qoyub hamımız bir nəfər kimi dəstəkləyək klubumuzu. Bu gün "Qarabağ", sabah "Neftçi", "Qəbələ", "İnter" və başqa klublarımız təkrarlayacaq bu uğurları. Azərbaycan azarkeşləri bunu unutmamalıdırlar ki, Avroliqada nə "Qarabağ", nə "Neftçi", nə "Qəbələ", nə "İnter", nə "Kəpəz" yoxdur. Var olan bir tək Azərbaycandır. Oynayan klubun hansı olmasından asılı olmadan " Qarabağ"da, "Neftçi"də, "İnter"də, "Qəbələ"də, "Kəpəz"də bizimdir. Bu gün bu klublar sabah "AZAL", "Şəmkir", "Bakı" və digər klublarımız üçün bir yumruq olacağıq... Bu gün isə hər kəsin ürəyi "Qarabağ" üçün döyünəcək. Bu gün kimlərsə Çexiya da, kimlərsə televiziya ekranı qarşısında "Qarabağ" üçün birləşəcək. Bu gün Çexiya stadionunda sabah səngərdə... Gələn il Imarətdə oynamaq diləyi ilə...

Nurlan Cəfəri