“Tənqidlərə fikir vermirəm" - Veyler

“Oyuna yaxşı hazırlaşmışdıq. Əlimizdən gələni etdik və qalib gəldik. Çətin oldu. Lakin lazım olan nəticəni qazana bildik. Buna görə çox şadam”. Olimpsport.az xəbər verir ki, bu sözləri “Anderlext”in baş məşqçisi Rene Veyler deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olan Belçika təmsilçisi meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

 

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Veyler bunları deyib: “Oyunda səhvlər olur. Buraxdığımız qola görə qapıçımızı günahlandırmaq istəmirəm. Gənc oyunçudu. Bizim bir neçə qapıçımız var. Gələcək oyunlar üçün başqa qolkiperləri nəzərdə tutmuşuq, yəni qapı xəttində dəyişiklik edə bilərik. Komandamızda əsasən gənc futbolçular çıxış edir. Onların səhv buraxmaları normaldı”.

 

O, komandasının son vaxtlar çox tənqid olunmasına da toxunub: “Tənqidlərə fikir vermirəm. Növbəti görüşlərimizdə də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.