"Uğursuz sonluq hər şeyin üstündən xətt çəkdi" - Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk azerisport.az saytına müsahibə verib.  Olimpsport.az həmin müsahibəni təqdim edir.

- Oyun barədə nə deyə bilərsiniz?
- Oyunun özündən razıyam. Komandalar arasında fərq hiss olunmurdu. Qələbəyə ümid edə bilərdik. Amma uğursuz sonluq hər şeyin üstündən xətt çəkdi. Komandamızın son iki Avroliqa matçında çox yaxşı təsir bağışlaması önəmlidir. "Sent-Etyen" və "Anderlext"lə oyunları aktivimizə yazmaq olar. Əvvəlki oyunlarda səviyyə fərqi hiss olunurdusa, indi o yoxdur.

- Rəşad Eyubovun oyunu mənfi emosiyalara və tənqidlərə səbəb oldu...
- O, özü üçün çox yaxşı oynadı, böyük iş gördü. Amma elə də böyük ustalıq səviyyəsi yoxdur ki, topla düzgün oynasın, daha münasib qərarlar versin. Mən onu dəstəkləyirəm.

- İkinci penalti epizodunda qolun qeydə alınmamasını necə qarşıladınız?
- Fikrimcə, hakim qaydalar çərçivəsində davrandı. Qayda isə onu tələb edir ki, penalti zamanı zərbəni yerinə yetirən futbolçudan başqa cərimə meydançasında digər oyunçulardan heç kim olmamalıdır. Deməli, hər şey qaydasındadır.

- Bu məğlubiyyət "Qarabağ"la vacib oyun öncəsi komandanıza mənfi təsir göstərməyəcək?
- Mənim əhvalım yaxşıdır. Çünki komandamızda inkişaf hiss olunur. Bundan yaxşı nə ola bilər ki? Bu, bizim uğurumuzdur. Düzdür, Avroliqada nəticə yoxdur. Amma futbolda belə hallar olur. Təcrübə toplayırıq, daha da güclü oluruq.

- Ağdam klubu Çexiya "Slovan"ı ilə səfər oyununda darmadağınla üzləşdi (0:3). Yəqin ki, onlar üçün toparlanmaq daha çətin olacaq...
- Bunu şərh edə bilmərəm. Çünki mənim verəcəyim hər hansı şərh çox yersiz görünə bilər.

- Elə isə, "Qarabağ"a qarşı oyunda komandanızdan nə gözləyək?
- "Anderlext"lə oyunu analiz edib, hazırlaşacağıq. Oyunçularımızın düzgün bərpa prosesi keçməsi də çox önəmlidir. Gözləntim isə həmişəki kimidir: yaxşı oyun və qələbə.

- Baqali Dabo qarşıdakı oyunu buraxacaq?
- Fikrimcə, oynamayacaq. Dəqiq diaqnozdan sonra onun yaşıl meydanlara nə vaxt qayıdacağını biləcəyik.