"İnter" və "Zirə" futbolçularını itirdi

Topaz Premyer Liqasının XIII turunda baş tutan “Zirə” - “İnter” matçı 6 futbolçunun cəzalı duruma düşməsinə səbəb olub. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşma meydan sahiblərinin 2, qonaqların isə 4 oyunçusunun ilin son turunu buraxması ilə nəticələnəcək.

 

İkinci dövrənin son görüşündə “Qarabağ”la üz-üzə gələcək “İnter” həmin oyuna yarımcan çıxacaq. Çünki qapıçı Səlahət Ağayev, müdafiəçilər Manuel Skarlatake, İlkin Qırtımov və hücumçu Pərdis Fərcad-Azad vərəqə limitini doldurublar. Digərləri 4-cü sarı vərəqəni alıblarsa, Skarlatake qırmızı vərəqə ilə cəzalandırılıb.

 

“Zirə”nin isə 2 üzvü – yarımmüdafiəçi Vüqar Mustafayev və hücumçu Sezar Meza Kolli “Sumqayıt”la səfər matçında komandaya kömək edə bilməyəcəklər. Paraqvaylı futbolçu 4-cü dəfə “sarı”ya qonaq olursa, Mustafayev cari mövsümdə passivinə 8-ci sarı vərəqəni yazdırıb. İkinci dəfə cəzalı vəziyyətə düşən Vüqar vərəqə sayına görə, öz rekordunu da yeniləyib.

 

Qeyd edək ki, baş hakim Orxan Məmmədov dünənki oyunda “Zirə”nin 4, “İnter”in 5 üzvünə sarı vərəqə göstərib, qonaqların müdafiçisi Manuel Skarlatakeni 2-ci sarı vərəqə ilə meydandan qovub.