“Eşitdim ki, təyyarə qəzaya uğrayıb, dedim, yox e, maşınla gedəcəm” - Yunis Hüseynov

Dekabrın 2-də Ukraynaya gedəcəm. Çünki hər 3 ildən bir “Pro” kateqoriyasını yeniləməliyik”. Olimpsport.az xəbər verir ki,  bunu apasport.az saytına “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

 

Azərbaycanda “Pro” kateqoriyasına yiyələnən ilk mütəxəssis olan Hüseynov həftəsonu Ukraynanın paytaxtı Kiyevə yollanacaq. 51 yaşlı məşqçi səfərə təyyarə ilə yollanmaq niyyətində idi. Lakin Braziliyanın “Şapekoense” klubunu Kolumbiyaya aparan təyyarənin qəzaya uğraması Hüseynovun planlarını pozub.

 

O, təyyarə ilə uçuşu təxirə saldığını və Ukraynaya avtomobillə yollanacağını söyləyib: “Ayın 5-də və 6-da dərsdə olmalıyam. Dərslərdə iştirak etdikdən sonra növbəti 3 il üçün kateqoriyam yenilənəcək. Bu gün posportumu götürdüm ki, gedib bilet alım. Hətta təyyarəyə bilet sifarişi də vermişdim. Çünki mənim getməli olduğum vaxtlarda avtomobillər Ukraynaya yollanmayacaqlar. Bu gün səhər eşitdim ki, Braziliya komandasını aparan təyyarə qəzaya uğrayıb, dedim, yox e, maşınla gedəcəm. Dərhal sifarişi ləğv etdirdim. Qəzanı eşidəndən bəri bütün günü dost-tanışdan axtardım, birtəhər yol tapdım. Ayın 2-də uşaqlar məni Pyatiqorska yola salacaqlar. Orda tanışlar var, Kiyevə getməyimə kömək edəcəklər. Pyatiqorskdan 1-2 saatlıq fasilələrlə maşınlar çıxırlar. Uşaqlar söz veriblər ki, ordan da yola salacaqlar. Düzdü, komanda ilə olanda adam məcburiyyətdən təyyarə ilə səfərə çıxır. Ancaq indi maşınla getməyə imkan var. Yolları varsa, ən yaxşısı elə avtomobillə getməkdi”.

 

Qeyd edək ki, “Şapekoense”ni Braziliyadan Kolumbiyaya aparan təyyarə qəzaya uğrayarkən içərisində 72 sərnişin və 9 ekipaj üzvü yer alıb. Azərbaycanda çıxış etmiş Filipe Maçado və Tyeqo de Xesusun da aralarında olduğu 81 nəfərdən 77-si hadisə nəticəsində həlak olub.