"Rəhim Həsənov hansı oyuna təyinat alıbsa, orda “bardak” yaradır" - Asif Məmmədov

“Qarabağ” – “Qəbələ” oyunundan sonra qonaqların hücumçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

 

- Gərgin keçən və qalmaqalla başa çatan oyunla bağlı siz nə deyə bilərsiniz?

- Hər şey aşkarda, göz qabağında baş verdi. Oyun maraqlı alındı, hakimlik də yaxşı olsaydı, hər şey əla yekunlaşacaqdı. Bu cür hakimliklə nəinki futbolçular, heç Azərbaycan futbolu da irəli gedə bilməyəcək.

 

- Referinin bu cür qərar qəbul etməsi onun savadsızlığının göstəricisidi, yoxsa qərəzli olmasının?

- Bunu bilmirəm. Azərbaycan hakimləri arasında ən zəifi, potensialı olmayan referidi. İçəridə həm biz, həm də “Qarabağ”ın futbolçuları danışırdıq ki, bu hansı oyuna təyinat alıbsa, orda “bardak” yaradır.

 

- Etirazınız konkret nə ilə bağlıdı?

- Hakim penalti təyin edib. Mən də düz Rəhimin yanında dayanmışdım. Qulaqcıqla öz hakim yoldaşına deyir ki, “əjdaha, görmədin top futbolçunun harasına dəydi?” Belə şey olmaz. Deyirəm, görmürsən, futbolçunun ağzı qanayır, top onun ağzına dəyib? Əgər görməmisənsə, niyə belə qərar verirsən? Hələ fitdən sonra “əjdaha”ya sual verirsən. Deməli, bu qərarı qərəzlidi. Nəticədə xalımızı əlimizdən aldı.

 

- Futbolçular arasındakı gərginliyə səbəb də bu qərar idi?

- Anlaşmazlıq oldu. Futbolçuları artıq-əskik hərəkət etdi. Qol vurmusan, başa düşdük, normal şəkildə sevin. Bu jestləri, hərəkətləri hansısa azarkeş etsəydi, başa düşərdik. Futbolçu edirsə, deməli, səviyyəsi bu qədərdi.

 

- Ümumiyyətlə, oyunun sonuna yaxın etirazlar çoxalırdı...

- Futbolçular arasında problem yox idi. Yüngül narazılıq ola bilərdi. Bütün problemlər hakimliklə bağlı yarandı. Belə hakimlik görməmişdim. 97 dəqiqə niyə oynadırsan? 4 dəqiqə artırmısan.

 

- Rəqibin ikinci qolundan sonra komanda meydandan çıxmaq istəyirdi?

- Bunu dəqiq deyə bilməyəcəm.

 

- Növbəti oyunlara hazırlaşmaq çətin olmayacaq?

- Biz bacardığımız qədər hazırlaşacağıq. Ancaq bu cür matçlardan sonra çox çətin olacaq. Komanda udduğu yerdə hakimin səhvindən 2 qol buraxır. Bu, bizi ruhdan sala bilər.

 

- Rəhim Həsənovun qərarları nəyə xidmət edirdi: “Qəbələ”ni “sındırmağa”, yoxsa “Qarabağ”ı irəli çəkməyə?

- Deyə bilmərəm, özünüz baxın. Oyunlarımız qabaqdadı. Çalışacağıq yaxşısını edək.

 

- Rəhimlə üz-üzə gəlsəniz, ona nə deyərsiniz?

- Nə lazım idi, hamısını meydanda dedim.(Apasport)