Robert Prosineçkinin "İlin futbolçusu" adına namizədi

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin “İlin futbolçusu” mükafatına namizədi bəlli olub. 

 

Olimpsport.az xəbər verir ki, Prosineçki ən yaxşı futbolçu adı uğrunda yarışda “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messini fərqləndirib.

 

Xorvatiyalı çalışdırıcı ən yaxşı məşqçi kimi isə Portuqaliya millisini Avropa çempionu edən Fernandu Santuşu göstərib. Prosineçkinin qiymətləndirməsində Santuş “Barselona”nın baş məşqçisi Luis Enrikeni qabaqlayıb.

 

Bu arada, ölkəsində adı Zaqreb “Dinamo”su ilə birgə hallanan Prosineçki bu məsələyə şərh verib. O, indiki məqamda Azərbaycan yığmasını tərk etmək barədə düşünmədiyini bildirib: “Həyatda 2 dəfə seçimimi “Dinamo”nun xeyrinə etmişəm. “Dinamo” o qədər ağlasığmaz komanda idi ki, hələ uşaq vaxtı Almaniyada yaşayanda bu klubu seçmişdim. İkincisi, ötən əsrin 90-cı illərinin ortalarında hamı ölkə xaricində oynamağa can atdığı vaxtda mən yenə “Dinamo”nu üstün tutdum. Hazırda bu komandanın baş məşqçisi mən deyiləm. Düzdü, futbolda hər şey ola bilər. Amma indiki məqamda bu kluba qayıtmağım mümkün deyil. Onu da deyim ki, “Dinamo”nun mənə hələ də borcu var. Mənim öz karyeram var və məmnunam. Hazırda Azərbaycan yığmasını çalışdırıram. Burda uzun müddət qalıb-qalmayacağımı, gələcəkdə hansısa kluba gedib-getməyəcəyimi indidən deyə bilmərəm. Amma indiki məqamda “Dinamo”ya qayıtmağımdan söhbət gedə bilməz”.

 

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin sonundan Azərbaycan yığmasını çalışdırır.  (Apasport)