"Əgər həkimlər 100 faiz əmin olmasalar, Rəşad oynamayacaq" - Qurban Qurbanov

“Qarabağ” Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün “Səbail” üzərində böyükhesablı (5:0) qələbə qazanaraq, növbəti mərhələdə “Sumqayıt”a rəqib oldu.

 

Olimpsport.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub: “Bilirdik ki, bu mərhələ bir oyundan ibarətdi. Futbolçular normal oynadılar. Düzdü, ikinci hissədə rəqib o qədər mübarizə apara bilmədi. Amma ilk dəqiqələrdə bizim üçün çox çətin oldu”.

 

- Matçın Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmək ehtimalı var idi. Fikrinizi dəyişməyə nə vadar etdi?

- Belə bir fikir oldu. Amma bir az yağış mane oldu. Stadiona qulluq edənlər də meydançanın yaxşı olmayacağını dedilər. Şans 50-50-yə idi. Orda oynamağı çox istəyirdik. Amma meydançanın durumuna görə buranı seçdik.

 

- “Fiorentina” ilə oyun yaxınlaşdıqca təzyiq artıırmı?

- Futbolçular çalışırlar fikirlərini bu görüşə yönəltsinlər. Amma mənim fikrim o oyunda qalırdı. Çalışırdım bunu hiss etdirməyim. Əsas futbolçuların formada qalmasıdı. “Fiorentina” ilə qarşılaşmaya tam fərqli hazırlaşacağıq.

 

- Yenidən kubokda “Sumqayıt”a rəqib oldunuz. Rəqib barədə nə deyə bilərsiniz?

- “Sumqayıt”a qarşı oyunlarımız ağır olub. Onlara qarşı oynamaq bizə həmişə çətin olub. İstəkli, aqressiv olurlar. “Sumqayıt”a kimi hələ vaxtımız olacaq.

 

- Rəşad Sadıqovun durumu nə yerdədi?

- Rəşad hələ fərdi məşq edir. Hələ 4-5 günümüz var. Həkimlərin rəyindən çox şey asılı olacaq. Əgər həkimlər 100 faiz əmin olmasalar, Rəşad oynamayacaq.

 

- Rəşadsız oynadığınız zaman komandada psixoloji gərginlik yaranmır?

-Belə deməzdim. Hamı bir kapitana öyrəşəndə, komanda yoldaşına təsir edir. Meydanda lider olanda, futbolçularda özünəinam olur. Hər aparıcı futbolçunun olmaması məşqçiyə problemlə yaradır. Hamı istəyir ki, Rəşad meydanda olsun. Hamı bunu gözləyir, istəyir. 

 

- Maksim Medvedev və Migel Madera da “Fiorentina” ilə görüşü buraxacaq. Sonuncu dəfə nə vaxt belə çətin durumda olmusunuz...

- “Zalsburq”la görüşü xatırlayıram. Reynaldo, Admir Teli qırmızı vərəqə aldı. Rəşad zədəli idi. Həmin vaxt məğlub olmuşduq. “İnter”lə görüşdə də belə halla üzləşmişdik.