"O, buradan getmədi, qaçdı" - Rəşad Sadıqov

"Qarabağ" klubu yeni transferlər üçün yaxşı büdcə ayırır."

Olimpsport.az xəbər verir ki bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Xəzər TV"də "Futbol saatı" proqramında bildirib.

 

"Mətbuat yazır ki, "Azərsun" bu məsələdə xəsislik edir. Ancaq əslində, bu, belə deyil. Baş məşqçimiz Qurban Qurbanov hər legioneri gətirmək istəmir, yaxşı legionerlər də bura gəlmir. Halbuki, "Qarabağ" onların həm transferinə, həm də məvacib baxımından yaxşı məbləğdə pul verirdi".

 

 

O bildirib ki,  həmin futbolçular arasında Türkiyə Super Liqasında, Rusiya Premyer Liqasında çıxış edən tanınmış legionerlər var idi: "Ancaq onlar Avropanın I liqasını Azərbaycan Premyer Liqasından üstün tutublar. Onlara deyilib ki, "Qarabağ" çempion olub, Çempionlar Liqasında çıxış edib, Avropa Liqasında qrupunda oynamış komandadır. Bununla belə, bura gəlmək istəməyiblər. Bu da Azərbaycanda çempionatın səviyyəsi, stadionların vəziyyəti ilə bağlıdır".

 

R.Sadıqov sabiq komanda yoldaşı İnnosent Emeqaranın da Ağdam klubundan məhz çempionatın səviyyəsinə görə ayrıldığını söyləyib: "Emeqaranın gedişi ailə, şəxsi planda deyildi. O, sadəcə, buradan qaçdı. Emeqaraya deyirdk ki, bizi çempionatda çətin oyun gözləyir. O da çıxıb qol vururdu. Bundan sonra bizə deyirdi ki, bu idi çətin oyun? Biz ona başa salırdıq ki, bizim üçün çətin qarşılaşmadır. Ancaq Emeqara yüksək səviyyəli legioner kimi çıxıb rahat qollarını vururdu. Çempionatımızın səviyyəsini görəndən sonra burada çıxışını davam etdirmək istəmədi, bilərəkdən getdi və geri qayıtmadı".