"Uğur qazanmaq üçün hər şeyi vaxtında etmək lazımdı" - Qriqorçuk

“Oyunun ikinci yarısında 3-5-2 sistemi ilə oynamağımıza gəlincə, bu kənardan belə görünürdü. Əslində biz müdafiəçilərə fərqli tapşırıqlar vermişdik. Növbəti oyunlarda bu sistemdən istifadə edəcəyimizlə bağlı nəsə deyə bilmərəm”. Olimpsport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Ukraynalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la ilk oyununu dəyərləndirib: “Uzun illər 3 müdafiəçili sistemdən istifadə etmişəm. Buna bələdəm. Bu sistemdə çox uduzmuşam. Yenidən həmin sxemə keçməyimiz mənasız olardı. Amma bunu bacarsaq, heç də pis sayılmaz. Çünki komandamızın müxtəlif sistemdə oynaya bilməsi yaxşı hal olardı. Təbii ki, buna vaxt lazımdır. İndi isə bunu etmək çətindi. Birinci hissə ilə müqayisədə ikinci hissədə çox şeyi dəyişməyə ehtiyac yox idi. Sadəcə tempi artırıb, daha aqressiv, hücumda kəsərli oynamalı idik. Prinsipcə, bu da bizdə alındı”.

 

Qriqorçuk mətbuat konfransında 2:1 hesabı ilə qalib gəldikləri matçda qol imkanlarından istifadənin çox aşağı səviyyədə olduğunu da deyib: “Bu oyundakı qədər qol imkanı əldə etdiyimiz görüş xatırlamıram. Fərqləndiyimiz epizodlardan başqa, təxminən 10 yüz faizlik qol imkanımız da oldu. Bu bir yandan yaxşıdı ki, bu qədər epizod yaradırıq. Digər tərəfdən bundan istifadə isə çox aşağıdı. Məhəmməd Mirzəbəyov kiçik zədəsi olduğundan meydana çıxmır. O, oynamağa hazır olsa da, biz risk etmək istəmirik”.

 

Mütəxəssis qış fasilədəki planlarına da toxunub: “Qış transfer” pəncərəsi ilə bağlı müəyyən niyyətimiz var. Bəzi işlər görülür. Amma qışda heyəti gücləndirmək həmişə çətin olur. Uğur qazanmaq üçün hər şeyi vaxtında etmək lazımdı. Bu il biz heyəti iyunda topladıq. Belədə uğur qazanmaq çətindi. Amma bəzən möcüzələr olur. Biz də bunu yaşadıq və Avropa Liqasında 4 mərhələ keçib, qrupa düşdük. Yaxşı oyunlarımız da oldu. Amma ümumilikdə ciddi uğur üçün sistem olmalıdı. Bu bir neçə ayın işi deyil. Biz də nəyin üzərində çalışacağımızı bilirik”.

Mənbə: gabalafc.az