"Hələ heç nə həll olunmayıb" - Elxan Abdullayev

"Kubok oyunları çempionat matçlarından fərqlənir. Bu gün 3:0 hesablı qələbə qazansaq, sevinmək hələ tezdi". Olimpsport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Zirə"nin qonağı olan "ağ-qaralar" 3:0 hesablı qələbə qazanıblar.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Abdullayev qələbəni şərh edib: "Hələ heç nə həll olunmayıb. Bizi cavab oyunu gözləyir. Bu gün işin 50 faizini həll etdik. Qalan 50 faizi isə cavab görüşündə yerinə yetirəcəyik".

 

- Bu cür qələbəni gözləyirdizmi?

- Bəzi oyunçularımız zədəyə görə, bu gün meydana çıxmadılar. Əvəzində digər gənclərə şans verdim. Gördüm ki, gözləri "yanır", istəkləri çoxdu. Düzdü, rəqib ustalıq səviyyəsi baxımından bizdən güclüdü. Deyərdim ki, "Zirə" ən nizam-intizamlı komandadı. Rəqib az qol buraxan komandadı. Biz də bu gün gözəl kombinasiyalardan sonra qollar vurduq.

 

- İkinci qolda penaltidən öncə Jayroya nəsə dediniz, o da Pessalliyə çatdırdı...

- Braziliyalılar "Panenka" zərbəsini vurmağı xoşlayırlar. Mən istəməzdim ki, belə oyunda o cür zərbə vursun. Bunu Jayroya dedim, o da Pessalliyə çatdırdı.

 

- Zədəli futbolçular nə vaxt sıraya dönəcək?

- Süni örtüklü meydançalar futbolçulara böyük zərbə vurur. Yumşaq meydançadan sonra süni örtüklü meydana çıxanda zədə əmələ gəlir. Nə edə bilərik? Zədəlilərimiz bəlkə də, cavab görüşünə hazır ola bilərlər.

 

- Bu gün əks-hücumlardan yaxşı faydalandız...

- Bu gün komandanın oyunu alındı. Azarkeşlər də böyük rol oynadılar. İlk dəqiqələrdən sona qədər bizə dəstək verdilər. Qış fasiləsinə kimi 2 oyunumuz qalıb, həmin görüşlərdə də onların dəstəyini gözləyirik.

 

- "Trabzonspor"un icarəyə vermək istədiyi Ramil Şeydayevi "Neftçi" heyətinə qata bilərmi?

- Mən heç kimi bizim komandaya gəlməyə məcbur edə bilmərəm. Amma "Neftçi"nin qapısı hər bir milli futbolçunun üzünə açıqdı. Ramil istəsə, bu barədə söhbət edə bilərik.(Apasport)