"“İnter”in qol buraxmaması onlara üstünlük verir" - Dniyev

“Yaxşı oyun oldu. Kubok matçı taktiki savaşdı. Hələ ilk görüş başa çatıb. İkinci qarşılaşma Gəncədə olacaq. Həmin matçda məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”. Olimpsport.az saytının məlumatına görə, bu sözlər “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə məxsusdu.

 

Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter”in qonağı olan Gəncə təmsilçisi 0:2 hesabı ilə məğlub olaraq, növbəti mərhələ şansını çətinə salıb.

 

Oyundan sonra keçirilən mətbuat konfransında Diniyevin məğlubiyyət şərhi belə olub: “Uşaq səhvlərindən qollar buraxdıq. Həmin epizodlardan qol iyi gəlmirdi. Hələ heç nə bitməyib. Məncə, ikinci qolu buraxmamalıydıq. Bu, oyunumuza zidd oldu”.

 

- Növbəti mərhələ şansını neçə faiz dəyərləndirərdiz?

- “İnter”in qol buraxmaması onlara üstünlük verir. Üstünlük 60-ın 40-a “İnter”in xeyrinədi.

 

- Siz kuboka yoxsa çempionata daha çox üstünlük verirsiz?

- Kubokdan avrokuboklara yol qısa olsa da, daha çətindi. Bir oyunda hər şey dəyişir. Hər ikisinə əhəmiyyət veririk.

 

- Komanda ilk hissədə yaxşı təsir bağışlasa da, ikinci hissədə o qədər də yaxşı oynamadı…

- Bunda buraxdığımız qolun əhəmiyyəti oldu. Fərqləndikdən sonra rəqib futbolçular yaxşı oynadı. İlk qolu buraxdıqdan sonra irəli atıldıq, bundan sonra da rəqib bizi ikinci dəfə məyus etdi.

 

- Zədəlilər olmasaydı, hesab fərqli ola bilərdi?

- Səbəb axtarmıram. Uduzmuşuqsa, hamımız uduzmuşuq. Kərim 3 gündü qızdırma içərisində idi. İdeal heyətimiz olsaydı, daha rəngarəng oynaya bilərdik. Ancaq ciddi fərq olacağını düşünmürəm.

 

- Qarşıda iki oyununuz var - "Qəbələ" və "İnter". Bu matçlardan hansı sizin üçün vacibdi?

- Hər ikisi bizim üçün əhəmiyyətlidi. Çünki kubokda hələ şansımız var. 0:2 hər şeyin sonu deyil. Çempionatda da şanslarımız var. 4-cü yeri tutmaq üçün “Qəbələ” ilə oyun bizim üçün çox əhəmiyyətlidi.(Apasport)