“Qarabağ” – “Sumqayıt” qarşılaşması tarixə düşdü

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ” – “Sumqayıt” qarşılaşması turnirin tarixinə düşüb. Olimpsport.az xəbər verir ki, Ağdam təmsilçisi kubokun 1/4 finaldan başlayan həlledici mərhələlərində ən böyük hesablı qələbənin müəllifi olub.

 

Əksər yarışlarda həlledici olan, elə ölkəmizdə də iki oyunluq sistemə keçidin startı olan 1/4 final və sonrakı mərhələlərdə indiyədək 6 top fərqi qeydə alınmamışdı. “Qarabağ” rəqibinin qapısından 6 cavabsız top keçirməklə, Azərbaycan kubokunun 24 illik tarixində son üç mərhələ üçün ən böyük darmadağını rəsmiləşdirib.

 

Bunadək rekord 5 top fərqi idi. “Neftçi” 2003/04 mövsümündə “Şəfa”nı 6:1, 2006/07 mövsümündə isə “Turan”ı 7:2 hesabı ilə yenmişdi. 2008/09 mövsümündə isə “İnter” “Qəbələ”yə 5 cavabsız qol vurmuşdu. Maraqlıdı ki, həm 5, həm 6 top fərqi ilk oyunlara təsadüf edib.

 

“Qarabağ” Bakı klublarının 5 top fərqli qələbələrini kölgədə qoyub. Lakin “Neftçi”nin 7 qol vurması hələ rekord kimi qalıb.(Apasport.az)