"Bundan sonra da səhv etməyim mümkündü" - Arif Daşdəmirov

“Qarabağ”ın bu dəfə də qrupda qalmasının əsas səbəbinin səfərdə “Slovan”dan alınan 0:3 hesablı yenilgi olduğu faktdı. Məhz Çexiyadakı gözlənilməz məğlubiyyət sinələrdə cücərən 1/16 final ümidlərini soldurdu və əlac “Fiorentina”nı əzməyə qaldı... 
 
Gerisi haqda yenidən danışmağa ehtiyac olmasa da, Liberetsdəki görüşün ardından ən çox qınanan və baş məşqçinin ünvanına səsləndirilən tənqidlərə meydan verən futbolçunu - Arif Daşdəmirovu danışdırmaq vacib idi. O Daşdəmirovu ki, qrupun yekun matçında İlqar Qurbanovu ehtiyat oyunçular skamyasından izlədi. Ağdam təmsilçisinin dünənki məşqindən sonra millidə də top qovan milliləşdirilmiş dağıstanlıya bir neçə sual ünvanladıq. 
 
- Yığmanın oyun üslubu azarkeşləri qane etmədiyinə görə 7 xalı təsadüf sayan daha çoxdu...
- Belə düşünmürəm. Ardıcıl təsadüflər fikriylə razılaşmıram.
 
- Bəs Şimali İrlandiyayla səfər matçında yığma niyə bu dərəcədə aciz göründü?
- Rəqib uzun müddət idi evdə uduzmurdu. 
 
- Buna görə meydana çıxmamış təslim olmuşduz?
- Onu kim deyir ki?
 
- Kənardan belə görünürdü. Həm əksər media mənsubları, həm də azarkeşlərin çoxu eyni fikirdədi...
- Rəqib bizi sürətdə, ən əsası isə “ikinci mərtəbə”də üstələyirdi. Bizim hələ evdə keçirəcəyimiz oyunlar var. Azarkeşlər tribunaları doldursa, yaxşı nəticələr qazana bilərik. 
 
- Futbolsevərləri qıcıqlandıran məqamlardan biri də milliləşdirilmiş futbolçuların himnə biganəliyidi.
- İllərdi bu ölkədə oynayıram. Azərbaycanı ikinci vətənim sayıram. Məncə, himni oxumaq lazımdı. Hamı oxumalıdı.
 
- Dağıstanlılar və başqa yığma forması geyən legionerlər oxumur axı...
- Mən oxuyuram. Düzdü, bəzi sözlərini tələffüz etməyə çətinlik çəkirəm.
 
- “Slovan”la oyunda “Qarabağ”ın müdafiə xətti bərbad görünürdü. Sən isə əsas qınaq obyekti oldun. Üçüncü qol vurulmazdan əvvəl yer aldığın cinahda buraxdığın səhv isə yumşaq desək, qalan bütün xətaları unutdurdu. Nə baş verirdi?
- Necə yəni nə baş verirdi?
 
- O epizodda sənə nə olmuşdu? Ayağın sürüşürdü? Fiziki gücün tükənmişdi? Yoxsa, hesabdan irəli gələn ruh düşkünlüyünün nəticəsiydi?
- Səhv futbolçu üçündü. Konkret səbəb göstərə bilmərəm. Belə alındı. Bundan sonra da səhv etməyim mümkündü.
 
- Səhvlər ruhdan salır, yoxsa motivasiya edir?
- Motivasiya edir. Əsas nəticə çıxarmağı bacarmaqdı.
 
- “Qarabağ” ən yaxın izləyicisi “Qəbələ”dən 3 xal öndədi. Bu həftə uzun müddət formasını geydiyin “İnter”lə qarşılaşacaqsız. Görüşü sənin üçün xüsusi saymaq olar?
- Oyunun çətin alınacağına şübhəm yoxdu. “İnter” yaxşı kollektivdi. 5 il o komandada çıxış etmişəm. Amma xüsusi hisslər keçirdiyimi deyə bilmərəm. Məqsədimiz bu oyunda da uğur qazanmaqdı. (Fanat.az)