"“Qarabağ”a qalib gəlmək çox çətindi" - Nizami Hacıyev

“İnter”in kapitanı Nizami Hacıyev apasport.az saytına müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.

 

- Cari mövsümdə iki dəfə qarşılaşdığınız “Kəpəz”i çempionatda məğlub edə bilməsəniz də, ölkə kubokunun 1/4 finalının ilk oyununda 2 cavabsız topla qalib gəldiniz. Qələbə ilə bağlı şərhiniz necədi?

- Meydana çıxanda Rauf Əliyevlə aramızda dialoq oldu. Rauf soruşdu ki, biz sonuncu dəfə “Kəpəz”i nə vaxt məğlub etmişik? Çoxdandı onları yenə bilmirik. Dedim, qızım anadan olan günü “Kəpəz”i yenmişik. Gəncə təmsilçisi də yaxşı komandadı. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Açığı, qələbə vacib idi. Gərək, cavab görüşündə də üstünlüyümüzü əldən verməyək.

 

- Komandalar arasındakı duelləri nəzərə alsaq, cavab matçında “Kəpəz”in bu fərqi əridəcəyi inandırıcı görünürmü?

- 2:0 hesablı qələbə yaxşı nəticədi, amma hər şey demək deyil. İki dəqiqə ərzində iki qol vursalar, gəl, bunun əvəzini çıx. Palçıqlı meydançada top ayağının arasından sürüşüb qapıya girsə, necə olacaq? Heç vaxt arxayınlaşmaq olmaz. Gəncədə asan oyun olmur.

 

- Ehtiyat igidin yaraşığıdı…

- Əlbəttə. İdman lovğalığı sevmir. Arxayınlaşsan, səndən güclüsü çıxacaq və uduzacaqsan. Mərhələ keçdikdən sonra ayağını ayağının üstünə keçirib, otura bilərsən.

 

- Cavab görüşünə qədər daha bir vacib matçınız var. Söhbət “Qarabağ”la çempionat oyundan gedir…

- Futbol ictimaiyyəti bu oyunu gözləyir. Maraqlı, baxımlı oyun olacaq. Bu komandalar arasında rəqabət var. Söhbət sağlam rəqabətdən gedir, başqa nəsə düşünmək yersizdi. Biz də bu cür güclü rəqiblə qarşılaşmaq istərdik.

 

- Sizin üçün stimul, matçı bu qədər əhəmiyyətli edən xüsusi səbəb varmı?

- Bizim üçün stimul 3 xaldı. “Qarabağ” son 3 mövsümün qalibidi. Onlara qalib gəlmək çox çətindi. Yaxşı heyətləri var. Açığı, onlarla oynamaqdan zövq alıram. Bu görüşə fərqli həvəslə hazırlaşıram. Atmosfer də fərqli olur.

 

- “Qarabağ” – “Qəbələ” oyununda baş verənlər necə, yenə təkrarlana bilərmi?

- İnanmıram. Hakimdi, səhv edə bilər. Razıyam, oyun zamanı hakim səhv qərar verəndə mən də emosional oluram. Həmin hadisə bizim komandanın başına gəlsəydi, aqressiv olardım. Bilirsiz, əsəbi olanda yaxşı heç nə düşünə bilmirsən. Bir qədər sakitləşdikdən sonra baş verənləri analiz edirsən. Hakimin nə fikirləşib belə qərar verdiyini tapmağa çalışırsan. İstəməzdim ki, belə söhbətlər, atmosfer bizim oyunda da yaşansın. Kim güclüdü, qələbə qazansın.

 

- Xüsusi ehtiyatlandığınız məqam varmı?

- Ümumiyyətlə, ehtiyat etmək ikibaşlı məna verir. Təbii ki, futbolçu kimi rəqibə hörmətlə yanaşıram. Onlara qarşı komanda şəklində birləşməli, mübarizə aparmalıyıq. Bu gün heç kim iddia edə bilməz ki, “Qarabağ” “İnter”dən güclüdü, 5 qol vuracaq. Elə bir vəziyyət yoxdu. Təmiz mübarizə gedəcək.

 

- Nəticədən asılı olmayaraq, 2016-cı ili üçüncü pillədə başa vuracaqsınız. Hədəflədiyiniz yerdəsinizmi?

- Mövsümün əvvəlində bunu heç kim düşünmürdü, inanmaq istəyən yox idi. Bu gün işimiz ortadadı. Nəticəmiz pis deyil. Sadəcə, bizdən üst sırada yer alan komandalarla xal fərqini azaltmaq imkanımız var, bundan yararlanmalıyıq.

 

- Sabiq prezidentiniz Rəşad Qasımovun klubdan ayrılmasının təsiri hiss edilirmi?

- Hər şey qaydasındadı. Hansısa qlobal problemlər yaranmayıb. Sadəcə, Rəşad müəllim futbolçularla çox yaxşı münasibət qurmuşdu. Elə futbolçu yoxdu ki, onun problemi olsun və Rəşad müəllim kənara çəkilsin. Bu ayrılığın mənəvi təsiri var. Sanki ən yaxın adamımız klubdan ayrılıb. Nəsə çatışmır, bu çatışmazlığın adını deyə bilmirəm. İndiki rəhbərimiz Rüfət müəllim də pis insan deyil. Çalışır ki, problemimiz olmasın.

 

- Görünür, onun futbolçu ailəsində böyüməsi işlərini yüksək səviyyədə qurmasına böyük təsir edib?

- O, komandanı oyunlara yaxşı kökləyirdi. Bizimlə ünsiyyətdə çox olurdu. Futbolu da gözəl bilirdi. Oyunlar olurdu ki, uduzurduq, gəlib ürək-dirək verirdi, sakitləşdirirdi. Futbol anlayışı yüksək idi. Bu da vacib amildi. Hansısa klubun rəhbəri futbolla yaşayırsa, yatıb-durursa, böyük şeydi. Yenə deyirəm, problemimiz olanda hamıdan öndə durub, kənara çəkilməyib. Hansı ki, o bunu etməyə də bilərdi. Bu gün onun klubdan kənarda olması təəssüf hissi yaradır.