"Qələbəmizə mane olan məqamlar var idi" - Qriqorçuk

“Qalib gəlib, 3 xal qazanmağımızdan razı qaldıq. Bu 3 xalı ağır oyunda əldə etdik”. Olimpsport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”i qəbul edən “qırmızı-qaralar” meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər.

 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ukraynalı mütəxəssis qələbəni şərh edib: “Meydandan çox şey baş verirdi. Qələbəmizə mane olan məqamlar var idi. Lakin qalib gələ bildik. Futbolçularıma təşəkkür edirəm. Gözəl oyun nümayiş etdirdilər. Qələbəmiz tam qanunauyğun idi. Artıq AZAL-la kubok matçına hazırlaşa bilərik”.

 

Qriqorçuk əvəzetmələrə erkən əl atmasına da aydınlıq gətirib: “Bu dəfə əvəzetmələri tez gerçəkləşdirməyimiz səbəbsiz deyildi. Filip Ozobiçin əzələsində ağrılar var idi. Hətta fasilədə onun özündən matçı davam etdirib-etdirə biləməyəcəyini soruşdum. Bu üzdən onu tez əvəzlədik”.

 

Təcrübəli çalışdırıcı hücum xəttindəki problemi aradan qaldırmağa çalışdıqlarını əlavə edib: “İmkanlardan istifadə ilə bağlı daim futbolçularla danışırıq. AZAL-la qarşılaşmadan sonra azı 10 qol imkanını qaçırdığımızı demişdim. Təkrara baxanda bu rəqəmin daha böyük olduğunu gördüm. Təkcə Sergey Zenyov 7 qol vura bilərdi. Məhz bunun da üzərində çalışacağıq. Çünki bu amil önəmlidi. Bu, ustalığın göstəricisidi”.

 

Qriqorçuk bu gün baş tutacaq “Qarabağ”  - “İnter” görüşünün çempionluq yarışına ciddi təsir etməyəcəyini düşünür: “Bugünkü “Qarabağ”  - “İnter” oyununun necə olacağını deyə bilmərəm. Bu görüş hələ heç nə demək deyil. Hər iki komanda ilə qarşıda oyunlarımız var. Bizim üçün də vacib olan bu qarşılaşmalardı. Çempionatın yarısı hələ qarşıdadı”.(Apasport)