"Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar" - Svanadze

“Bir xal qazandıq. Komandanın oyunundan razı qaldım. Nəzərə alsaq ki, heyətimizdə itkilər var idi, heç-heçə də yaxşı nəticədi”. Olimpsport.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının XIV turunda səfərdə “Qarabağ”la qarşılaşan “bankirlər”in çalışdırıcısı oyun haqqında fikirlərini bölüşüb. “İlk hissədə yaxşı oynadıq. İkinci hissədə isə bir qədər bəxtimiz də gətirdi. Uşaqlar sağ olsunlar, yaxşı çıxış etdilər”.

 

- Orxan Sadıqlının oyunundan razı qaldız?

- Əlbəttə, razı qaldım. Bütün oyunu sakit tərzdə keçirdi. Bir neçə epizodda komandanı qoldan xilas etdi. Ümumilikdə razı qaldım.

 

- Komandanın çempionatın ilk yarısındakı nəticəsi ürəyinizcədir?

- İlk yarını normal qiymətləndirmək olar. Bu ili “İnter” üçün məhsuldar dəyərləndirərdim. Məncə, normaldı.

 

- Bu heyət çempionatı yüksək pillələrdə başa vurmağa kifayət edəcək? Nəzərə alaq ki, kluba transfer qadağası şamil olunur...

- Bu heyətlə 3-cü yer uğrunda mübarizə aparmaq olar. Transfer qadağası var, yeni oyunçu cəlb edə bilməyəcəyik. Bu qadağa oyunçulara dah çox oynamağa imkan verir. Fikrimcə, bu heyət 3-cü yer uğrunda mübarizə üçün kifayət edər.

 

- Qış təlim-məşq toplanışını harda keçirəcəyinizi müəyyənləşdirmisiz?

- Bu barədə hələ heç nə dəqiq deyil.

 

- Siz yeni transfer edə bilməsəz də, rəqibləriniz yeni oyunçularla güclənə bilərlər...

- Bunu bilirəm. Ancaq edəcək heç nə yoxdu.

 

- Yeni transferlərin olmaması futbolçularda özündənrazılıq yaratmayacaq ki?

- Onlar bunu əvvəlcədən bilirdilər. Futbolçularımın peşəkarlığına inanıram. Düşünürəm ki, bu, onlara təsir etməyəcək.(Apasport)