"Üzrxahlıq üçün üzümüz qalmayıb" - Cavid İmamverdiyev

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Məyussunuz, bunun anlayırıq. Bəs oyunla bağlı necə, deməyə sözünüz varmı?

- Bu cür oyunlara xas olan nəticədi. Üstün oynayırsan, hücum edirsən, amma istəyinə çata bilmirsən. Əvəzində rəqib axırda bir hücum təşkil edir və qələbə qolunu vurur. Futbolun yazılmayan qanunudu: vurmayana vurarlar.

 

- Nəticəni ədalətsiz hesab edirsiniz?

- AZAL-ın qələbəsinə kölgə salmaq istəmirəm. İstəkli idilər, amma bu amil bizdə daha çox idi.

 

- Qələbəyə layiq deyildilər?

- Deməzdim, layiq deyillər. Udublarsa, deməli, layiqdirlər.

 

- Komandada axsamalar davam edir. Lider futbolçulardan biri kimi nə çatmır, deyə bilərsiz?

- Özümüz də nə baş verdiyini bilmirik. Baş məşqçimizin qarşısında məyus olduq. “Zirə” ilə kubok oyununda bunu unutdurmağa çalışacağıq. Düzdü, ilk oyunda böyükhesablı qələbə qazanmışıq, işin yarısını həll etmişik. Amma qələbə qazanıb fasiləyə yollanmaq, davamını qışdan sonra gətirmək istəyirik.

 

- Azarkeşlərin bunu komandaya bağışlayacağına inanırsınızmı?

- Onlar ilk gün deyil ki, komandanın yanındadırlar. Onlar bizə nəyi bağışlamayıblar ki, bunu da bağışlamasınlar. Hər zaman bizə dəstək olublar. Buna görə onlara təşəkkür edirəm.

 

- 90 dəqiqə oynamamağına nə mane oldu?

- Zədəli idim. “Zirə”yə qarşı da meydanda deyildim. Çünki “Şərurspor”la matçda zədələnmişdim. Baş məşqçimiz mənə güvənir, şans verir. Fasilədən sonra keçiriləcək toplanışda da üzərimdə işləyib, yenidən heyətə düşməyə çalışacam. İstərdim ki, baş məşqçinin mənə inamı itməsin. Üzümü azarkeşlərə tutub, çox sağ olsunlar, deyirəm.

 

- Qarlı havada da komandanı yalqız buraxmamışdılar...

- Üzrxahlıq üçün üzümüz qalmayıb. Onlara görə pis oluruq. Baş məşqçimiz də yaxşı insan, mütəxəssisdi.

 

- Diqqətinizin kuboka yönələcəyini demək olarmı?

- Deməzdim. Dekabrdan sonra hər şey dəyişə bilər. Yaxşı hazırlaşacağıq.