"“Qarabağ” kimi rəqiblə onun meydanında heç-heçə oynamaq bizim üçün qələbəyə bərabərdi" - Rauf Əliyev

“İnter”in hücumçusu Rauf Əliyev “Qarabağ”la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- “İnter” üçün heç-heçəni qələbəyə bərabər hesab etmək olarmı?

- “Qarabağ” kimi rəqiblə onun meydanında heç-heçə oynamaq bizim üçün qələbəyə bərabərdi. Vacib olan odur ki, səfərdən xalla döndük. “Qarabağ”a ilk oyunda qalib gəlmişdik, bu dəfə heç-heçə etdik. Ümumi götürdükdə, yaxşı nəticədi.

 

- Bu qədər müdafiədən oynamağınızı baş məşqçiniz tapşırmışdı, yoxsa hava şəraiti buna məcbur etdi?

- Bizim oyun üslubumuz belədi. Meydana 5-li müdafiə ilə çıxırıq. Buna görə də oyunu arxada qurub, əks-hücumlara çıxırıq. “Qarabağ”a qarşı da belə oynayacağımız məlum məsələ idi. Əsas xal qazanmaq lazımdı ki, onu da bacardıq.

 

- Birinci hissədə zədələndiniz və həkim meydana daxil oldu. Bir anlıq düşündünüzmü ki, yenə 3-4 ay meydandan kənarda qalacaqsınız?

- Həmin epizod zamanı çox qorxdum. Oyun 10-15 dəqiqəsi getmişdi. Qalan dəqiqələri ağrılarla keçirdim. Hərəkət eləyən kimi, ağrını hiss edirdim.

 

- Amma kənardan hiss edilmirdi...

- Qaçırdım, amma ağrım olurdu. Tam gücümlə qaça bilmirdim...

 

- Hava şəraiti hansı komandaya kömək etdi?

- Meydança oynamağa imkan verirdi. Top hərəkət edirdi, qar yox idi. Şərait hər iki komanda üçün eyni idi.

 

- İkinci hissədə oyundankənar vəziyyətdə olduğun epizod zamanı etiraz olaraq topu kənara vurdunuz. Həmin anda ikinci sarı-qırmızı vərəqə alacağınızdan narahat olmadınız?

- Oyun zamanı bəzən elə olur ki, özündə olmursan. Topu vurduqdan sonra ydaıma düşdü ki, sarı vərəqəm var, qırmızı ala bilərəm.

 

- Növbəti oyunda “Kəpəz”lə qarşılaşacaqsız. Kubokda yarımfinalın bir addımlığındasınız, demək olarmı?

- İli müsbət başa vurmaq üçün mütləq qələbə qazanmalıyıq. “Kəpəz” mərhələsini keçməliyik. Gəncə stadionunda oynamaq çox çətindi. Hava şəraiti belə olsa, həmin arenada futboldan çox güləş izləyəcəksiniz.

 

- Amma iki top fərqi ilə qələbə böyük üstünlükdü...

- Futbolçu meydana rahat çıxmamalıdı. Belə olsa, problem yaranar. Gəncə stadionu, yerli azarkeş amili həlledici ola bilər. Başlanğıcda qol buraxsaq, çətin olacaq. Birinci oyuna necə hazırlaşmışdıqsa, yenə eyni ciddiyətlə meydana çıxacağıq.