"Bundan sonra edəcək heç bir şey yoxdu" - Madera

Topaz Premyer Liqasında ilin son oyununu doğma meydanda keçirən “Qarabağ” “İnter”i yenə bilmədi. İlk dövrədə paytaxt klubuna məğlub olan Ağdam təmsilçisi ikinci dueldə isə qolsuz heç-heçəyə nail oldu. Oyundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Migel Madera jurnalistlərin suallarını cavablandırıb.

 

- Bu nəticəni kimin aktivinə yazmaq olar?

- Oyuna baxdıqda, biz daha yaxşı çıxış etdik. Buna görə də 3 xalı qazanmalı idik. Qələbə alınmadı. Bir xal da bir xaldı. Amma qələbəyə layiq idik.

 

- Soyuq hava, eləcə də qarın yağması oyununuza nə dərəcədə təsir etdi?

- Asan olmadı. Çünki topu istədiyimiz kimi idarə edə bilmirdik. Gözlədiyimizdən sürətli hərəkət edirdi. Bu da çətinlik yaratdı, ancaq artıq hər şey bitdi.

 

- Cari mnövsümdə məğlub edə bilmədiyiniz komanda “İnter”di. Onların xüsusi bir müdafiə üsulu var?

- Ümumi götürdükdə, digər komandalara qarşı oynamaq da asan deyil. Amma “İnter” yaxşı müdafiə olunur, səhvsiz oynamağa çalışır. Bugünkü oyunla bağlı danışsaq, 1 xal qazandıq, aktivimizdəki xalların sayını artırdıq.

 

- “Fiorentina” ilə oyundakı məğlubiyyəti unuda bilmisinizmi?

- Hamı kimi mən də növbəti mərhələyə keçməyimizi istərdim. Təəssüf ki, həmin oyunda komandama kömək edə bilmədim. Bundan sonra edəcək heç bir şey yoxdu. Növbəti mövsümə baxmaq lazımdı.

 

- Bugünlərdə “Qəbələ”nin yarımmüdafiəçisi Ozobiç Xorvatiya millisinə dəvət aldı. Sizin üçün necə, nə vaxtsa burdan İspaniya yığmasına yollanmağınız real görünürmü?

- Uzun illərdi peşəkar futboldayam. Bilirəm ki, İspaniya millisinə dəvət almaq, heyətə düşəmək necə çətindi. Bu, İspaniya liqasında oynayanlar üçün çətindi, qalmışdı ölkədən kənarda oynayanlara.

 

- Siz meydana çıxanda “Qəbələ”nin qələbə qazandığını bilirdinizmi?

- Açığı, maraqlanmamışdım. Kimsə oyuna çıxanda dedi ki, “Qəbələ” qələbə qazanıb. Biz öz oyunumuza köklənirik. Digər matçların nəticəsi bizim oyunumuza təsir etmir.(Apasport)