"Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq” - Ruslan Qurbanov

Topaz Premyer Liqasının XIV turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ”nin futbolçusu Ruslan Qurbanov oyunla başlı fikirlərini klub saytı ilə bölüşüb: “Müdafiə futbolu oynayan və bütünlüklə qapanan komandalara qarşı oynamaq həmişə çətin olur. Amma “Kəpəz” haqda bu sözləri demək olmaz. Gəncə təmsilçisi oyunun müəyyən kəsiyində müdafiəyə çəkilir, müəyyən hissələrində isə hücumlar təşkil edirdi. Onlar da bizə qapımız önündə kifayət qədər çətinlik yaşada bildilər. Ümumiyyətlə “Kəpəz” çox yaxşı komandadır. Bu üzdən onlara qarşı görüş də çətin alındı. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirdik. Bunun sayəsində də vacib 3 xal qazandıq. Əsas odur ki, qələbə qazana bildik. Əslində, bu qarşılaşmada hesab daha böyük ola bilərdi. Lakin imkanlardan istifadənin üzərində hələ də çalışmalıyıq. Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq. İndi qarşıdakı kubok oyununu düşünməliyik. Artıq AZAL-la matça hazırlaşa bilərik”.

 

Qurbanov rəqibin qapısına təyin olunan penaltini yerinə yetirməsi və mövsümün ilk yarısındakı çıxışı haqda da fikirlərini bildirib: “Penaltini yerinə yetirməyimə gəlincə, komandamızda bütün futbolçular bu işin öhdəsindən gələ bilir. Budəfəki qarşılaşmada belə zərbəni Filip Ozobiçin yerinə yetirməsi qərara alınmışdı. İlk penaltini də o vurdu. Lakin xorvatiyalı əvəz olunduğundan topa mən yaxınlaşdım. Özümə güvəndiyimdən dəqiq oynayıb, qələbə qolunu da vurdum. Komandamızın və şəxsən özümün mövsümün ilk yarısındakı çıxışından razıyam. Amma hələ üzərimizdə çox çalışmalıyıq. Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq”.