“Qarabağ”ın hədəfindəki braziliyalı

“Botev” klubunun braziliyalı futbolçusu Joao Paulo yayda iş yerini dəyişəcək.  Olimpsport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. 28 yaşlı hücumçunun karyerasını Azərbaycanda davam etdirmək variantı yaranıb.

 

Belə ki, “Botev”də qalmaq istəməyən Paulo rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. O, hazırkı anlaşmasının müddəti bitən kimi, yəni gələn ilin yayında Plovdiv təmsilçisini tərk edəcəyini bildirib. “Botev” rəhbərliyi də bunu nəzərə alaraq, indidən Paulonu satmaq, onun transferindən pul qazanmaq niyyətindədi. Əks təqdirdə, “sambaçı” mövsümün sonunda azad agent kimi istədiyi kluba keçmək şansı qazanacaq.  

 

“Ludoqorets” və “Levski”nin də hədəfində olan hücumçunun, həmçinin Türkiyə və Azərbaycan klublarından təklif aldığı bildirilir. Adı açıqlanmayan Azərbaycan təmsilçisinin Joao ilə rəsmən danışıqlara başladığı qeyd olunub. “Qarabağ”ın məhsuldar hücumçu axtarışında olduğunu nəzərə alsaq, Paulo ilə Ağdam klubunun maraqlandığını ehtimal etmək olar.  

 

Paulonun “Botev”lə müqaviləsindəki bənddə göstərilir ki, onu heyətinə qatmaq istəyən klub 250 min lev (təxminən 128 min avro) xərcləməlidi.

 

Qeyd edək ki, əvvəllər “Botafoqo” klubunda da çıxış etmiş Joao Paulo bu ildən “Botev”in formasını geyinir. Hazırkı komandasının heyətində Bolqarıstan çempionatının cari mövsümündə 19 oyunda 12 qola imza atan braziliyalı bombardirlər cədvəlinə başçılıq edir. (Apasport.az)