5 futbolçu cəzalı duruma düşdü

Topaz Premyer Liqasının XIV turu 5 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Olimpsport.az "Apasport"a istinadən xəbər verir ki, oyunçulardan biri qırmızı, dördü isə sarı vərəqə limiti üzündən 2017-ci ilin ilk matçını buraxacaq.

 

Cəzalar baxımından “Qəbələ” – “Kəpəz” oyunu (2:1) zəngin olub. Bu matçdakı bütün vərəqələr cəzalı duruma düşməklə nəticələnib. Qonaqların iki sarı vərəqə üzündən meydandan qovulan futbolçusu Renan Silva, həmçinin meydan sahiblərinin heyətində 4-cü dəfə sarı vərəqə alan Rafael Santosla Vojislav Stankoviç növbəti turu buraxmaq məcburiyyətində qalıb.

 

Sonuncular “Sumqayıt”la ev oyununda “istirahət edəcək”. Həmin görüşə qonaqlar da itki ilə çıxacaq. “Zirə” ilə qarşılaşmada sarı vərəqə almaqla “4”ə çatan Amit Quluzadə Qəbələdə oynamayacaq.

 

Sumqayıta uduzan (0:1) “Zirə”də itki ilə üzləşib. Adil Nağıyev 4-cü sarı vərəqəsini alıb. O, AZAL-la ev oyununda meydana çıxa bilməyəcək.

 

Turun meydandan qovulan yeganə futbolçusu Renan isə “Inter”lə səfər matçında komandasına kömək etməyəcək.