TPL: Penalti vurmayan yeganə komanda...

Topaz Premyer Liqasının ilk iki dövrəsinin 56 oyununda 16 penalti təyin olunub. Olimpsport.az xəbər verir ki, bu zərbələrdən 15-i qolla nəticələnib.

 

Penalti ifa edən oyunçuların dəqiqlik faizi 93,77-di. Yeganə xəta “İnter”lə oyunda imkanı boşa verən “Qəbələ”li Nika Kvekveskiriyə məxsusdu.

 

Cari mövsümdə “Zirə” hamıdan çox belə imkan qazanıb. Qəsəbə təmsilçisi 4 zərbəni qola çevirib. “Qəbələ” isə 3 şansdan birini qaçırıb. 4 komanda - “İnter”, “Kəpəz”, “Neftçi” və “Sumqayıt” 2 penaltidən 2 dəfə sevinib. “Qarabağ” cəmi 1 dəfə 11 metrlik nöqtədən hədəfə düşübsə, belə imkan qazanmayan yeganə komanda AZAL-dı.

 

Əvəzində sonuncular hamıdan çox – 5 dəfə cəzalanıb. 4 dəfə cəzalanan “İnter” 3 qolu penaltidən buraxıb. “Kəpəz”lə  “Qəbələ” hərəyə 3, “Neftçi” 1 qolu bu yolla buraxıb. “Qarabağ”, “Sumqayıt” və “Zirə”nin qapısına penalti təyin edən olmayıb.

 

Ayrı-ayrı futbolçulara gəlincə, Tural Axundov (Kəpəz), Araz Abdullayev (Neftçi), Elvin Məmmədov (Zirə) və Amil Yunanov (Sumqayıt) 2 dəfə 11 metrlikdən qol sevinci yaşayıb. Qapıçılardan Aqil Məmmədov (AZAL) və Səlahət Ağayev (İnter) 4 dəfə duelə çıxıb. Sonuncu bunların birində qol olmamasına şahidlik edib.

 

Hakimlər arasında rekordçu Əliyar Ağayevdi. O, 5 dəfə penalti qərarı verib. Bunlardan üçü XIV turun “Qəbələ” – “Kəpəz” matçına təsadüf edib. Bu matç 1-dən artıq belə zərbənin vurulduğu yeganə görüşdü. Rəhim Həsənov 3, Rauf Cabbarovla Fariz Yusifov hərəyə 2 dəfə komandalardan birini sərt cəzalandırıb. Ramil Diniyev, Ömər Paşayev, İnqilab Məmmədov və Rəvan Həmzəzadənin hesabında bir belə addım var.(Apasport)