"İnter"in 10-cu yarımfinalı

Bakının “İnter” klubu tarixində 10-cu dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib.  Olimpsport.az saytının məlumatına görə, 2016/17 mövsümündə yarışın 1/4 finalını adlayan ilk komanda kimi diqqət çəkən paytaxt klubu iki oyunun cəmində “Kəpəz”dən üstün olub – 2:0, 0:0.

 

Bunadək 9 dəfə yarımfinala adlayan “bankirlər” 10-cu dəfə finalın bir addımlığındadı. Onlar əvvəlki 9 cəhdin 4-də həlledici matçadək də irəliləyib.

 

Yarımfinal sayında “İnter” yalnız iki komanda – “Neftçi” və “Qarabağ”dan geri qalır. Lakin bu iki komandadan fərqli, “İnter” ilk dəfə 2004/05 mövsümündə bunu bacarıb.

 

Bu isə o deməkdi ki, “bankirlər”in bütün uğurları Azərbaycan futboluna yeni nəfəsin gəldiyi 2004-cü ilin yayından sonrakı dövrə təsadüf edib. Bu müddətdəki 15-ci mövsümdə 10-cu dəfə yarımfinal həyəcanı yaşayan bakılılar mütləq rekordçudu. Çünki bu dövrdə “Qarabağ”la “Neftçi” də 1/4 finalı daha az keçib.

 

Qeyd edək ki, “İnter” 2004/05 mövsümündə ilk dəfə sevindiyi uğuru 2006-2012-ci illərdə daha 6 dəfə (2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12) təkrarlayıb. 2012/13 və 2013/14 mövsümlərində 1/4 finalda “ilişən” komanda ardıcıl 3 cü dəfə bu səddi arxada qoyub. Bakılılar 2014/15 və 2015/16 mövsümlərində də bunu bacarmışdı.

mənbə:Apasport.az