"Hər şeyə bəhanə var - top əli tapdı, əl topu tapdı..." - Tərlan Əhmədov

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə “Qəbələ”yə uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

 

Əhmədov qarşılaşmanın baş hakimi Fariz Yusifovun onlara qarşı qərəzli mövqe tutduğunu düşünür: “Şansımız var idi. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə qol buraxdıqdan sonra oyunumuz yaxşılaşdı. Tounkara meydana girəndən sonra bir az daha yaxşı oynadıq. Həmişə demişəm, hakimlik barədə danışmayacam. Ancaq Fariz Yusifov hansı qarşılaşmada oyunumuzu idarə edir, bizə qarşı qərəzli olur. Futbolçularıma təşəkkür edirəm. Belə qismət imiş. Tounkaranın gəlişi hücum xəttinə yaxşı mənada təsir edib. Çalışacağıq ki, qışdan sonra daha yaxşı AZAL formalaşdıraq”.

 

- Rəqibin qapısına verilməyən penalti epizodunun təkrarına baxmısız?

- Mən belə şeylərə öyrəşmişəm. Hər şeyə bəhanə var - top əli tapdı, əl topu tapdı... 14 tur oynamışıq, hələ bizim lehimizə penalti verilməyib. Ancaq əleyhimizə çox penalti verilib.

 

- Videotəkrarda epizodun penalti olduğu göründü. Bununla bağlı AFFA-ya müraciət edəcəksiz?

- Bu günə kimi kim nə edib ki, biz də nəsə edək? Onsuz da xeyri yoxdu. Klub rəhbərliyi ilə danışdıq. Bəzi hakimlərin oyunumuza təyin olunmamasını yazılı şəkildə tələb edəcəyik. Bizimlə “Qəbələ” arasında həm büdcə, həm də futbolçuların səviyyəsi baxımından yerlə göy qədər yox, qalaktikalar qədər fərq var.

 

- Qışda futbolçu alınmasa, öz vəsaitiniz hesabına alacağınızı demişdiz. Vəziyyət nə yerdədi?

- Büdcə artımı yoxdu. Qışdan sonra da eyni şey olacaq. Uzaqbaşı bir oyunçunun məvacibini qarşılaya bilərəm. Gedənlər olacaq. Klubda 26-27 yox, 20-21 futbolçu olacaq, ancaq ən səviyyəliləri qalacaq. Lazım olsa, əvəzedicidən futbolçu cəlb edəcəyik.