Emin Mahmudov Vəli Qasımovun uğurunu təkrarlayıb

Portuqaliya çempionatında qol hesabını açan Emin Mahmudov bu ölkənin güclülər dəstəsində bunu bacaran ikinci futbolçumuz olub. Olimpsport.az xəbər  verir ki, “Nasional”la səfər oyunundakı qolla 2:0 hesablı qələbədə pay sahibi olan təmsilçimiz Vəli Qasımovun uğurunu təkrarlayıb.

 

Gəncə futbolunun yetirməsi olan Qasımovdan fərqli, Emin milliləşən oyunçudu. Rusiya futbolunun yetirməsi ilə heç də tam öyünmək olmur. “Milliləşən” ifadəsi bəzən düzgün başa düşülməsə də, əslində bu, vətəndaşlığını dəyişənlərə - Pavel Paşayev, Ramil Şeydayev və Emin Mahmudov kimilərə deyilir.

 

Milliləşən olsa da, yığmamızın ikinci üzvüdü ki, Portuqaliyada qol vurmaqla 16-cı uğurumuzun müəllifi kimi tarixə düşüb.

 

Çünki milliləşən rusiyalı qol hesabını indi açıbsa, Qasımov 15 dəfə rəqib qapılarına yol tapıb. O, bunu “Setubal”ın heyətində gerçəkləşdirib.

 

1997/98 mövsümündə bu kluba keçən futbolçumuz 1997-ci il avqustun 31-də azərbaycanlıların Portuqaliyada ilk qolunu vurub. Özü də gözəl cərimə zərbəsi ilə “Benfika” üzərində qələbə qoluna imza atıb – 1:0.

 

Həmin mövsüm 11 dəfə fərqlənən Qasımov “Salqeyruş”, “Maritimo”, “Çaves” və “Varzim”ə də 1 qol vurub.  “Kampomayorense” ilə hər görüşdə rəqib qapısına yol tapan həmyerlimiz “Leça”ya qənim kəsilib. Hər iki qarşılamada dubla sevinən Qasımov bu rəqibə ümumilikdə 4 qol vurub.

 

Növbəti mövsümdə 4 qol vuran hücumçumuz “Leyriya”, “Maritimo” və “Alverka”nı məyus edib. Onun Portuqaliyanın yüksək liqasındakı son qolu isə 1999-cu il martın 19-na təsadüf edib. Həmin gün Qasımov bu ölkənin çempionatında qol sayını 15-ə çatdırıb.

 

Maraqlıdı ki, o, bunu “Boavişta” ilə görüşdə rəsmiləşdirib. Həmin “Boavişta” ki, təmsilçilərimizin növbəti qolu təxminən 18 il sonra bu klubda vurulub. Bunun üçün 6488 gün gözləmək lazım gəlib.

 

Qeyd edək ki, Qasımov Portuqaliya çempionatında yüksək liqada 45 oyun keçirib.

 

mənbə:apasport.az